ABŞ prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmisinin Polşa tərəfindən axtarışda olan keçmiş ədliyyə naziri Zbiqnev Ziobronun ABŞ-a getməsinə yardım etdiyi iddia olunur. Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət katibinin müavini Kristofer Landau Dövlət Departamentinin rəsmilərinə Ziobro üçün vizanın təsdiqlənməsini sürətləndirməyi tapşırıb. Bildirilir ki, Landau bu ilin əvvəlində ABŞ-ın Varşavadakı səfiri Tom Rouzdan məsələ ilə bağlı məlumat alıb və keçmiş nazirin ədalətsiz şəkildə təqib olunduğunu düşünüb.
Reuters yazır ki, Landau məsələni hətta “milli təhlükəsizlik məsələsi” kimi qiymətləndirib. Agentlik qeyd edir ki, ABŞ-ın müttəfiqi olan bir ölkədə cinayət ittihamları ilə üzləşən siyasətçiyə viza verilməsi olduqca nadir hal sayılır.
Polşanın hazırkı ədliyyə naziri Valdemar Jurek xəbərə təəccübləndiyini bildirib və Varşavanın Ziobronun Polşada məhkəmə qarşısına çıxarılması üçün bütün addımları atacağını vurğulayıb.
Zbiqnev Ziobro vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət vəsaitlərinin qanunsuz yönləndirilməsi və İsrail istehsalı olan “Pegasus” casus proqramının alınması ilə bağlı ittiham olunur. İddialara görə, həmin proqram siyasi rəqiblər və jurnalistlərin izlənməsi üçün istifadə edilib. Keçmiş nazir günahkar bilinərsə, onu 25 ilə qədər həbs cəzası gözləyir.
Müxalifətdəki Hüquq və Ədalət Partiyasının üzvü olan Ziobro isə ittihamları rədd edərək araşdırmanın siyasi motivli olduğunu bildirir.
Qeyd edək ki, Polşa ötən ilin noyabrında Ziobro haqqında həbs qərarı çıxarmışdı. O zaman siyasətçi Viktor Orbanın ona siyasi sığınacaq verməsindən sonra Macarıstanda qalmışdı. Daha sonra Macarıstanda hakimiyyətə gələn yeni baş nazir Peter Macar Ziobronun Polşaya təhvil veriləcəyini açıqlamışdı.
Polşa mediasının məlumatına görə, Ziobro Peter Macarın andiçmə mərasimi günü Milandan ABŞ-ın Nyu-Cersi ştatına uçub.


























