image-reklam-veteninfo
image-1backend

Sabiq prezident seçkilərdə qalib oldu

image-reklam-veteninfo

Bolqarıstanda keçirilən ümumi seçkilərdə keçmiş prezident Rumen Radevin təsis etdiyi Mütərəqqi Bolqarıstan Koalisiyası böyük üstünlüklə birinci olub.

Vətəninfo.az xəbər verir ki, Bolqarıstan Dövlət Televiziyası tərəfindən açıqlanan qeyri-rəsmi nəticələrə əsasən, səslərin 90 faizindən çoxu hesablanıb və Radevin rəhbərlik etdiyi koalisiya 45 faiz səs toplayaraq 240 yerlik parlamentdə 135 mandat qazanıb.

Paytaxt Sofiyada yerləşən partiya qərargahında çıxış edən Radev bildirib ki, əldə olunan nəticə ölkədə ümidlərin artdığını göstərir: “Bu, sadəcə ilk addımdır. Bu, ümidin qeyri-müəyyənlik üzərində qələbəsidir, azadlığın qorxu üzərində qələbəsidir. Gözləntilər yüksəkdir və bu, böyük məsuliyyət deməkdir. Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.

Radev həmçinin “güclü Avropanın içində güclü Bolqarıstan” mesajını səsləndirib.

Seçkinin digər nəticələrinə görə, GERB və PP-DB hər biri 12 faiz səs toplayıb. MRF 6 faiz, Vazrazhdane isə 4 faiz səslə seçki baryerini keçib.

1963-cü ildə Bolqarıstanın Dimitrovqrad şəhərində anadan olan Radev uzun illər hərbi aviasiyada xidmət edib və sonda Hərbi Hava Qüvvələrinin komandanı və general-leytenant rütbəsinə yüksəlib. O, 2016-cı ildə siyasətə qoşulmaq üçün hərbi xidmətini başa vurub və həmin il prezident seçilib. 2021-ci ildə yenidən prezident seçilən Radev 2026-cı ilin yanvarında istefa verdiyini açıqlayıb.

Siyasi fəaliyyəti dövründə Radev Avropa Birliyi siyasətinə ehtiyatlı yanaşması və Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulaması ilə diqqət çəkib. O, həmçinin Ukraynaya hərbi yardım məsələsində tərəddüd nümayiş etdirib və keçmiş baş nazir Boyko Borisov ilə gərgin münasibətləri ilə tez-tez gündəmə gəlib.

Bundan əlavə, Radev 2025-ci ildə avronun qəbul olunması ilə bağlı referendum keçirilməsini təklif edərək, bu qərarın birbaşa xalq tərəfindən verilməli olduğunu bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki