ABŞ nümayəndəsi Rusiya liderinə Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı yenilənmiş təklif təqdim edəcək.
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında görüş Sankt-Peterburqda başlayıb.
Vətəninfo.az xəbər verir ki, danışıqlar Konstantinov sarayında keçirilir. Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov görüşün əsas mövzusunun Ukrayna münaqişəsi olacağını bildirib.
Bundan əvvəl ABŞ rəsmisi Uitkoffun oktyabrın 21-də Putinlə görüşəcəyini və ona Ukraynada müharibənin dayandırılması ilə bağlı yenilənmiş təklif təqdim edəcəyini açıqlayıb.
“Axios” nəşrinin jurnalisti Barak Ravidin məlumatına görə, ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələri Osloda keçirilən görüşdə münaqişənin həlli və Rusiya ilə diplomatik təmasların davam etdirilməsi məsələlərini müzakirə ediblər.
Məlumata əsasən, Ukrayna tərəfi ətraflı müzakirə olunan yeni ideya və təkliflər irəli sürüb. Tərəflər Rusiya ilə əlaqələrin koordinasiyalı şəkildə aparılması və diplomatik prosesin irəlilədilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər.
Sankt-Peterburqda keçirilən görüşün nəticələrinin Ukrayna münaqişəsinin nizamlanması üzrə növbəti diplomatik addımlara necə təsir edəcəyi hələlik məlum deyil.


























