image-reklam-veteninfo
image-1backend

Səddam Hüseyn niyə devrildi? -ABŞ buna görə İraq liderini aldatdı

image-reklam-veteninfo

ABŞ-ın Səddam Hüseyn rejimini devirməsinin səbəbləri və prosesi uzun illərə yayılan mürəkkəb siyasi, iqtisadi və hərbi hadisələrlə bağlıdır.

1960–70-ci illərdən sonra regionda gərginlik artsa da, əsas hadisələr İran-İraq müharibəsindən sonra başladı. Müharibə nəticəsində İraq böyük iqtisadi itkilərlə üzləşdi və xarici borcu 100 milyard dollara çatdı. Bu borcun mühüm hissəsi Küveytə idi.

Müharibədən sonra Küveyt borcun qaytarılmasını tələb etdi. Eyni zamanda, iki ölkə arasında sərhəd mübahisələri mövcud idi. Səddam Hüseyn Küveytin əslində İraq torpağı olduğunu iddia edir, həmçinin bu ölkənin çoxlu neft ixrac edərək qiymətləri aşağı saldığını və bunun İraq iqtisadiyyatına zərər vurduğunu bildirirdi.

1990-cı ilin avqustunda İraq Küveytə hərbi müdaxilə etdi və qısa müddətdə ölkəni işğal etdi. Bu addım beynəlxalq reaksiyaya səbəb oldu. BMT İraqı qınadı və qoşunların geri çəkilməsini tələb etdi, lakin Bağdad bu çağırışlara məhəl qoymadı.

Nəticədə, 1991-ci il yanvarın 17-də ABŞ-ın rəhbərliyi ilə beynəlxalq koalisiya qüvvələri İraqa qarşı Səhrada Fırtına əməliyyatına başladı. Qısa müddətdə İraq ordusu məğlub edildi və Küveyt azad olundu. Müharibədən sonra İraq iqtisadiyyatı çökmüş, ölkə ağır sanksiyalar altında qalmışdı.

1990-cı illərdə İraq daxilində də vəziyyət gərginləşdi. Şimalda kürdlər, cənubda isə şiələr üsyan qaldırdı. Səddam Hüseyn bu üsyanları sərt şəkildə yatırdı ki, bu da beynəlxalq ictimaiyyətin tənqidinə səbəb oldu.

ABŞ İraqı həm də kütləvi qırğın silahlarına sahib olmaqda ittiham edirdi. Rəsmi Vaşinqton iddia edirdi ki, bu silahlar gələcəkdə təhlükə yarada bilər. BMT müfəttişləri İraqda yoxlamalar aparsa da, bu silahların mövcudluğu sübuta yetirilmədi.

2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr hücumlarından sonra Vaşinqton İraqı terrorizmi dəstəkləməkdə də ittiham etməyə başladı. ABŞ prezidenti Corc Buş İraqda rejim dəyişikliyinin zəruri olduğunu bildirdi.

Diplomatik cəhdlər nəticə vermədikdən sonra 2003-cü ilin martında ABŞ və müttəfiqləri İraqa hərbi müdaxilə etdi. Qısa müddətdə Bağdad ələ keçirildi və Səddam Hüseyn hakimiyyətdən devrildi.

Səddam Hüseyn bir müddət gizlənsə də, 2003-cü ilin dekabrında doğulduğu Tikrit şəhəri yaxınlığında tutuldu. 2006-cı ildə məhkəmənin qərarı ilə edam cəzasına məhkum edildi və hökm icra olundu.

İraq müharibəsindən sonra ölkədə sabitlik bərpa olunmadı. Uzun illər davam edən daxili qarşıdurmalar və vətəndaş müharibəsi vəziyyəti yarandı. ABŞ-ın əsaslandırdığı kütləvi qırğın silahları isə heç vaxt tapılmadı.

Qoşqar Salmanlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki