İyulun 16-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad olunan Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyev dünən saxlanılıb.
Veteninfo xəbər verir ki, bu barədə Hurriyyet.az məlumat yayıb. Sayt qeyd edib ki, DGK-nın nəzdindəki “Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavini olan Zeynal Tarquliyev yeznəsi Səfər Mehdiyevin “qara kassası” hesab olunurdu.
İddialara görə, Zeynal Tarquluyev əlində olan rəsmi və qeyri-rəsmi səlahiyyətlərdən istifadə edərək iş adamlarından qanunsuz olaraq 100 milyonlarla manat toplayıb. İstisna olunmur ki, onun həbsi də məhz bununla bağlıdır.
Məlumata görə, hazırda DGK-da keçmiş sədr Səfər Mehdiyevin onlarla yaxın qohumu çalışır ki, onların hər birinin qanunsuz fəaliyyəti ilə bağlı ciddi araşdırma aparılır və yaxın günlərdə yeni həbslər dalğasının olacağı istisna edilmir.
Xatırladaq ki, son günlər DTX tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirilib. Bu əməliyyatlarda 2-si general olmaqla bir qrup vəzifəli şəxs həbs olunub. Onlara qarşı vəzifə cinayətləri ittihamı irəli sürülüb.