Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir.
Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Lakin, bizim ölkəmiz üçün bu vəziyyət xüsusi bir əhəmiyyət daşıyır.
Vətən müharibəsindən sonra Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı daimidir.
Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da təqdirəlayiqdir.
Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır.
Dövlətimizin öhdəliklərindən əlavə, bizim hər birimizin üzərinə də xüsusi yük düşür. Hər bir Azərbaycan vətəndaşı şəhidlərə, qazilərə, şəhid və qazi ailələrinə xüsusi hörmət, qayğı ilə yanaşmalıdır. Yeri gəldikdə onlara yardım etməlidir.
Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi ilə bağlı 20 proqram dövlət tərəfindən dəstəklənir və maliyyələşdirilir. Eləcə də Qarabağ qazilərinin sosial təminatının gücləndirilməsi ilə bağlı 12 proqram həyata keçirilir.
Yanvarın 25-də Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Heydər Əliyev Fondu da Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.
Həm dövlət, həm Heydər Əliyev Fondu, həm də “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin və Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər uğurla davam etdirilir, bu sahədə sistemli və kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir.
Biz hər birimiz indiki günlərimizi, əziz torpaqlarımızı şəhidlərimizə,qazilərimizə borcluyuq. Belə igid, mərd oğullar yetişdirdikləri üçün onların ailələri qarşısında baş əyirik.
Niftiyeva Günel. Azərbaycan Dövlət Pedaqoji Universiteti