Bu gün şəhid Mirtalıb Ağazadənin doğum günüdür. Miratalıb Ağazadə 16 yanvar 1994-cü ildə Beyləqan rayonu İkinci Aşıqlı kəndində doğulub. 2000-2011-ci illərdə Bakı şəhərində orta təhsil alıb. 23 fevral 2018-ci ildə ailə həyatı qurub. 2020-ci il 19 oktyabrda bu evlilikdən bir qız övladı dünyaya gəlib, lakin ürək qüsurlu doğulduğu üçün bir müddət sonra, dünyasını dəyişib.
Mirtalıb Ağazadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Mirtalıb Ağazadə “Komando” Briqadasının üzvü olaraq hərbi fəaliyyət göstərirdi.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib. Döyüşlərdə “Komando” Briqadasının tərkibində iştirak edən Mirtalıb Ağazadə 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən artilleriya zərbəsinə tuş gələrək şəhid olmuşdur. Bir gün sonra nəşi yaşadığı evə gətirilərək Beyləqan Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, Mirtalıb Ağazadənin hərbçi yoldaşları, veteran və qazilər iştirak ediblər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mirtalıb Ağazadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.Ruhu şad olsun!