image-ulvibackend

Səmimiyyət, inam və dövlət ərkanı üzərində ucalan mötəbər ünvan

image-reklam_sirab_01

Cəmiyyətlə hakimiyyət arasındakı effektiv ünsiyyət platformalarından biri, bəlkə də birincisi mətbuatdır. Cəmiyyətimizi narahat edən məsələlərlə bağlı ictimai debatların ən səmərəli müzakirə platforması da kütləvi informasiya vasitələridir. Bu müstəvidə səsləndirilən fikir və rəylər arasında fərdi mülahizələr üstünlük təşkil etdiyi üçün, vətəndaş daha səhih məlumatı rəsmi mənbələrdən gözləyir. Ötən illərin təcrübəsi göstərir ki, cəmiyyətimizin tərəddüd etmədən güvəndiyi ən mötəbər ünvan Azərbaycan Prezidentidir.

Bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Səmimiyyət, inam və dövlət ərkanı üzərində ucalan mötəbər ünvan” sərlövhəli məqaləsində yer alıb.

Vətəninfo.az  məqaləni təqdim edir.

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi növbəti müsahibəsinin doğurduğu ictimai əks-səda bir daha təsdiq edir ki, vətəndaşların daha çox etimad göstərdiyi mötəbər mənbənin ünvanı dəyişməz olaraq qalır. Bu səbəbdən cəmiyyətimiz onu narahat edən məsələlərlə bağlı dəqiq və obyektiv məlumatı məhz birinci şəxsin özündən eşitmək istəyir. Prezidentin açıqlama və bəyanatları, müxtəlif tədbirlərdəki çıxışları elə buna görə geniş ictimai rezonansa səbəb olur. Xalqımız Vətən müharibəsi günlərində Prezident İlham Əliyevin müsahibə və çıxışlarını hansı səbirsizliklə gözləyirdisə, onları hansı həssaslıqla qarşılayırdısa, müharibədən sonrakı dövrdə də bu münasibət dəyişməyib, əksinə, ictimai gözləntilər bir az da dərinləşib. Əsas olan odur ki, dövlətimizin başçısı ictimai əhval-ruhiyyəni dəqiqliklə bilir və cəmiyyətlə ünsiyyətə xüsusi önəm verdiyini əyani şəkildə nümayiş etdirir. Prezidentin vətəndaşlarla keçirdiyi şəxsi görüşləri, müxtəlif tədbirlərdəki çıxışları hansı ictimai təqdirlə qarşılanırsa, bir neçə jurnalistin iştirakı ilə baş tutan müsahibə formatı canlı ünsiyyətin dinamikliyi baxımından cəmiyyətimizin diqqətini xüsusilə çəkir və tamaşaçıya imkan verir ki, məlumatlarının səhihliyinə şübhə etmədiyi ünvan sahibinin-birinci şəxsin bədən dilini də izləyə bilsin. Prezident İlham Əliyev müsahibədə həmin məqama xüsusi diqqət yetirdi: “Düzdür, mən tez-tez Azərbaycan ictimaiyyətinə müraciət edirəm. Hesab oluna bilər ki, bütün vacib mövzularla bağlı fikrimi bildirirəm, həmişə belə olub. Amma müsahibənin də öz formatı, öz xüsusiyyəti var”.

Müsahibə boyunca bir daha əmin olduq ki, Prezident ən həssas mövzuların ətrafında belə, açıq və səmimi dialoqun tərəfdarıdır, istənilən polemikaya da hazırdır. Bu müsahibə onu da göstərdi ki, hər bir azərbaycanlının keçirdiyi hisslər bir insan kimi Azərbaycan Prezidentinin təbiətinə də çox doğmadır. “Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtdığını görərkən hansı hissləri keçirirsiniz?“ sualına Prezident İlham Əliyevin verdiyi bu cavab səmimiyyətin və milli kimliyimizlə bağlı yaşadığı qürur hissinin açıq təzahürüdür: “Xoşbəxtlik hissləri. Mən onlar qədər xoşbəxtəm, yəni, onlardan fərqlənmirəm. Çünki onları orada görmək, gözlərini görmək, onların sevincini görmək, doğurdan da böyük xoşbəxtlikdir, həddindən böyük xoşbəxtlikdir”.

Azərbaycan Prezidentinin ölkəmizin ən məlumatlı şəxsi kimi ictimai müzakirələrin aktual və həssas mövzuları ilə bağlı geniş açıqlamaları müsahibəyə diqqəti nə qədər artırırdısa, dövlət başçısının Prezident İqamətgahında jurnalistlər üçün yaratdığı sərbəst və səmimi ortam da müsahibənin hədəfə vurmasını bir o qədər şərtləndirirdi. Cənab Prezident elə bu səmimi ortamda Ermənistanla sülh müqaviləsinin imzalanmasında vasitəçiliyə təşəbbüs göstərən beynəlxalq aktorların iştirakı perspektivinə münasibətini həm cəmiyyətimiz, həm də elə təşəbbüskarların özləri üçün açıq şəkildə ifadə etdi: “O danışıqlar formatları ilə bağlı burada sual verildi. Minsk qrupu “rəhmətə gedəndən” sonra indi Avropa İttifaqı öz rolunu oynamağa başlamışdır və biz bunu dəstəklədik. Mən şəxsən bir neçə dəfə bu haqda açıqlama vermişdim. Demişdim ki, biz bunu təqdir edirik. Ancaq əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək. Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni, danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa”.

Nobel mükafatı laureatı R.Kiplinqin dərin mənalı bir kəlamı var. O, belə deyirdi: “Mənim 6 sadiq nökərim var, mən hər şeyimi onlara borcluyam, onların adı: Kim? Niyə? Nə vaxt? Nə? Harada? Necə?”. Prezident İlham Əliyev yuxarıdakı açıqlaması ilə aşkar ermənipərəst mövqeyində dayandıqları halda, hələ də vasitəçiliyə ümid edən məlum dairələrə əslində bu mesajı verdi ki, Kiplinqin səsləndirdiyi suallar üzərində onlar da ciddi düşünməlidirlər. Cəmiyyətimizdəki ictimai etimadsızlığa özləri əsas verdiklərinə görə, bunun səbəbini kənarda axtarmağa və ya yeni bəhanələr uydurmağa lüzum qalmır. Dövlətimizin başçısı min bir bəhanə ilə sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışan və adəti üzrə cığallıq edən Ermənistan rəhbərliyinə və bütövlükdə erməni cəmiyyətinə də mesaj göndərdi: “Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib… Buna baxmayaraq, keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq… Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər-heç lazım da deyil. Delimitasiyanı istəmirlər-heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam… Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm”.

Bir çox yerli, hətta xarici ekspertlərin dilindən də tez-tez eşidirik ki, Ermənistan rəhbərliyi xarici faktorların basqısı altında olduğu üçün konstruktiv mövqe sərgiləməkdən çəkinir. Həqiqətdir ki, Ermənistan nə hazırkı, nə də əvvəlki rəhbərlərinin dövründə müstəqil xarici siyasət yürüdə bilməyib. Lakin dünyada cərəyan edən geosiyasi proseslərin indiki mərhələsində cəmiyyətimizdə artıq bu əminlik də var ki, erməni lobbi təşkilatlarından və xarici patronlarından çəkingənlik arqumenti, əslində, Ermənistan rəhbərliyinin əlində bir bəhanədir. Erməni xalqının dinc gələcəyinə görə məsuliyyəti üzərinə götürdüyü halda, ortaya siyasi iradə qoya bilməyən Ermənistan rəsmiləri bilməlidirlər ki, bu cür və digər uydurma bəhanələrin arxasında uzun müddət gizlənmək mümkün olmayacaq. Üzərinə götürdüyü siyasi öhdəliklərdən və sülh müqaviləsini imzalamaqdan yayınmaq cəhdləri Ermənistan rəhbərliyini daha ağır sınaqlar və siyasi təlatümlər qarşısında qoya bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 30 il ərzində yaşadığımız məhrumiyyətlərə baxmayaraq, Azərbaycan Ermənistandan sülh tələb edir, amma bu istək də əbədi olmaya bilər. Ümid edək ki, Ermənistan hakimiyyəti və erməni cəmiyyəti mövcud reallıqdan düzgün nəticə çıxara biləcək.

Dövlətimizin başçısı bu müsahibədə də iqtisadi və sosial məsələlərə geniş yer ayırdı, bir daha vurğuladı ki, güclü dövlətin, güclü ordunun arxasında mütləq güclü iqtisadiyyat və xalqın birliyi dayanmalıdır. Cənab Prezident bu siyasətə sadiq olduğunu birbaşa və dolayısı ilə dönə-dönə qeyd etdi. Kifayət qədər əhatəli olan müsahibə əvvəlindən sonuna qədər müsahibin səmimiliyi, gələcəyə sarsılmaz inamı və ali dövlət ərkanı ilə yadda qaldı. Prezident İlham Əliyevin cəmiyyətimizə ünvanladığı bu mesajı isə onun ölkəmizin gələcəyi ilə bağlı aydın və əmin təsəvvürünə, sarsılmaz inamına söykənir: “Onu da demək istəyirəm, mən şübhə etmirəm ki, biz istədiyimizə nail olacağıq. Çünki yenə də deyirəm, bizim keçmişimiz, hədəfə doğru getdiyimiz sürət və nəticələr bunu deməyə əsas verir. Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki