image-1-15backend

Səttar Möhbalıyev: “Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”

image-reklam_sirab_01

Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans öz işinə başlayıb.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda deyilir ki,konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev öncə BƏT-in iştirakı ilə hazırlanan və həyata keçirilən “2016-2020-ci illər üzrə Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətindən danışıb. Bildirib ki, Proqram işçilərin əmək hüquqlarının  qorunması, təhlükəsiz, layiqli və məhsuldar iş şəraitinin yaradılması baxımından olduqca vacibdir: “Onun icrası sosial tərəfdaşlığın inkişafına, sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təsir göstərib. 2016-2020-ci illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi reformalar, hərtərəfli islahatlar proqramda nəzərdə tutulan hədəflərə çatmağa şərait yaradıb”.

image-3-16

S.Möhbalıyev qeyd edib ki, AHİK ilk gündən Proqramın icrasına dair özünün Konsepsiyasını qəbul edib və sənədin icrası üçün əməli tədbirlər həyata keçirib: “Beynəlxalq Əmək Təşkilatı ilə birgə 8 seminar və konfrans keçirdik. Proqramda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı bir neçə indikatorun yerinə yetirilməsi istiqamətində addımlar atılıb, müsbət nəticələr əldə edilib. Belə ki, bu illər ərzində həmkarlar ittifaqlarının sıraları çoxalıb, kollektiv müqavilələrin və sazişlərin sayı artıb. Hər il orta hesabla 140 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb”.

S.Möhbalıyev vurğulayıb ki, AHİK qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirici və təlimatlandırıcı tədbirlər keçirib və bu tədbirlər əsasən ölkənin bütün regionlarını əhatə edib: “AHİK-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında özünəməşğulluğun təmin edilməsinə köməklik göstərilməsi məqsədilə imzalanan Memoranduma uyğun olaraq, Məşğulluq Agentliyinə 200 min manat vəsait ödənilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sosial həssas əhali qrupları üzrə Sahibkarlığın İnkişafına yardım göstərilməsi məqsədilə 150 min manat vəsait köçürülüb”.

İşçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir sıra vacib işlərin görüldüyünü diqqətə çatdıran AHİK sədri bildirib ki, “Sağlam və təzlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsində 5 il ərzində 11096 idarə və müəssisə iştirak edib: “Onların 669-u qalib hesab edilib. Müsabiqələrin keçirildiyi müddətdə aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 9316 nöqsanın 91% aradan qaldırılıb, təhlükəsiz iş şəraiti yaradılıb, işçilərin fərdi mühafizə vasitələri ilə təminatı yaxşılaşdırılıb, sanitar-gigiyenik normalara əməl edilməsinə nəzarət gücləndirilib”.

 

AHİK sədri əlavə edib ki, yeni proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə müvafiq uyğunluq təşkil etməlidir: “Bu məqsədlə yeni proqramın layihəsinə bəzi irad və təkliflərimizi bildirmişik. Hesab edirik ki, qeyri-formal iqtisadiyyat üzrə bir çox göstəricilərin reallığı əks etdirməsi üçün müvafiq müzakirələrin aparılmasına, BƏT-in köməyi ilə genişmiqyaslı monitorinqlərin, müayinələrin keçirilməsinə ehtiyac var. Minimum əməkhaqqının Avropa Sosial Xaprtiyasının tələblərinə uyğunlaşdırılması, Azərbaycan tərəfindən ratifikasiya edilmiş Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasına və əmək qanunvericiliyi arasında mövcud uyğunsuzluğun aradan qaldırılması, bununla bağlı hazırlanmış ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi, bir sıra vacib Konvensiyaların (102, 155, 168, 173, 184, 187 saylı) ratifikasiyası  məsələlərinin proqrama salınmasını vacib hesab edirik. Gender bərabərliyini təmin etmək, kişi və qadın işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması məqsədilə əmək qanunvericiliyinin beynəlxalq normalara uyğun olaraq təkmilləşdirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi üzrə proqramların hazırlanması və təkmilləşdirilməsi, yaşıl iş yerlərinin yaradılması kimi problemlərin proqramda əks olunması da ümumi işimizin xeyrinə olardı”.

Qeyd edək ki, konfrans BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin nəticələrinə uyğun qruplarda dayanıqlılığı artıran və əməyin gələcəyinə yönələn inklüziv inkişaf, sosial xidmətlərin təkmilləşdirilməsi, sosial dialoq vasitəsilə beynəlxalq əmək standartlarının siyasətdə və praktikada tətbiqi, BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin və Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində sosial tərəfdaşların rolunun artırılması, BƏT-in Layiqli Əmək Gündəliyi çərçivəsində əməyin təhlükəsiziyi və sağlamlığı mövzularında müzakirələrlə davam edir.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki