image-settarbackend

Səttar Möhbalıyev: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının rəmzidir”

image-reklam_sirab_01

“Azərbaycan və Türkiyə arasında mövcud olan münasibətlər tamamilə qardaşlıq prinsipləri üzərində qurulub və tarixin sərt sınaqlarından üzüağ çıxaraq bugünkü zirvəyə ucalıb. Tarix də təsdiqləyir ki, hər iki ölkə dar gündə də, şad gündə də hər zaman bir yerdə olub. Bunu şərtləndirən amillərdən ən başlıcası isə eyni soya, eyni kökə və dilə malik olmağımızdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə türk qardaşlarımızın bizim köməyimizə yetişməsi hamıya məlumdur. Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad etdi. Tarixdən o da məlumdur ki, Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı öz doğma qardaşlarına dəstək olmuşlar. Azərbaycan xalqının xeyriyyəçi övladları Anadoluda Milli Mübarizə Hərəkatına maddi və mənəvi kömək göstərdilər, könüllü olaraq yüzlərlə azərbaycanlı döyüşlərdə iştirak etdi, böyük şücaət göstərərək qəhrəmancasına şəhid oldular. Bütün bunlar bizim qardaşlıq münasibətlərimizin tarixi köklərinin sıx bağlılığını göstərir.
Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
O qeyd edib ki, Azərbaycanın haqq işində – 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin və vətəndaşlarının bizə göstərdiyi mənəvi dəstəyə dünya şahid oldu: “Müharibə başlayan gündən sona qədər ürəkləri Azərbaycanla birgə döyündü. Hər bir ərazimiz işğaldan azad olunanda Türkiyənin hər yerində bu xəbəri bayram sevinci ilə qarşılayır, şəhidlərimizə bizim qədər kövrəlirdilər. Bu yerdə dahi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı yada düşür ki, onun öncədən nə qədər peyğənbərcəsinə deyildiyini, ürəklərə hopduğunu görürük. Bu, əsl dostluğun və qardaşlığın nümunəsidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı isə dövlətlərimizi biri-birinə daha da yaxınlaşdırdı, münasibətlərimizi dərinləşdirdi. Dövlətimizin başçısı cənab İlham Əliyevin fikirləri ilə ifadə etsək, həqiqətən də, bu gün dünyada Türkiyə və Azərbaycan qədər biri-birinə bu qədər yaxın dost və qardaş ölkələr yoxdur”.
“Hazırda isə əlaqələrimizin bu səviyyəyə çatmasında türk dünyasının iki dahi oğlu – möhtərəm Prezidentimiz İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətləri danılmazdır. Məhz onların sayəsində bu gün Azərbaycan-Türkiyə əlaqələri günü-gündən bütün sahələri əhatə etməklə inkişaf edir. 15 iyun 2021-ci il tarixində mədəniyyət beşiyimiz olan Şuşa şəhərində imzalanan, ictimai həyatımızın vacib məsələlərini özündə əks etdirən müttəfiqlik münasibətləri haqqında bəyannamə tarixi önəm daşımaqla ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini müəyyənləşdirir və bütün müstəvilərdə davamlı inkişafı təmin edir. Həmçinin Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır. Bu Bəyannamə ilə rəsmən müttəfiqlik zirvəsinə ucalan əlaqələrimiz siyasət və beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Burada əsas məqsəd ümumi maraqların müdafiəsi, bölgədə sülhün və təhlükəsizliyin qorunması, tərəflərin imkanlarının birləşdirilməsi, regional və qlobal əhəmiyyət daşıyan strateji məsələlərdə qarşılıqlı, vahid şəkildə fəaliyyət göstərməkdir. Təbii ki, bu, hər iki dövlətin milli maraqlarına tam cavab verir”, – Milli Məclisin deputatı deyib.
S.Möhbalıyev əlavə edib ki, siyasi, iqtisadi, ideoloji, humanitar, hərbi, mənəvi və digər sahələrdə əməkdaşlığımızı ehtiva edən bu bəyannamənin Qars müqaviləsinin yüz illiyində, Milli Qurtuluş Günü özü də Şuşa şəhərində bağlanması tarixi həqiqətlərdən doğan gerçəklikdən xəbər verir. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan qardaşlığı bütün bölgədə sülh və təhlükəsizliyə xidmət etməklə yanaş, regionun iqtisadi inkişafı üçün, ilk növbədə, yeni perspektivlər açır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki