İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) törəmə müəssisəsi olan “Boğaziçi Tesis Yönetim Hizmetleri” ilə bağlı genişmiqyaslı korrupsiya və tender saxtakarlığı istintaqı çərçivəsində 57 nəfər saxlanılıb.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda şirkətin bəzi tenderlərinin əvvəlcədən təşkil edildiyi, tender proseslərində qanunsuz prosedurların həyata keçirildiyi və “tender saxtakarlığı” cinayətinin mütəşəkkil şəkildə törədildiyi müəyyən olunub.
Araşdırma çərçivəsində İstanbul, Adana, Bursa, Diyarbəkir, Konya və Yalova şəhərlərində eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı Boğaziçi Yönetim AŞ-nin baş direktoru Səma Akça da daxil olmaqla ümumilikdə 57 şübhəli saxlanılıb. Saxlanılan şəxslər ifadələrinin alınması üçün polis idarəsinə aparılıb.
İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları bildiriblər ki, istintaq çərçivəsində şirkətin tender mexanizmlərində ciddi pozuntular aşkarlanıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu “İmamoğlunun dəstəklədiyi cinayətkar təşkilat” iddiası ilə bağlı araşdırmaları davam etdirir.


























