“Azərbaycan torpaqlarının 20 faizi 30 il Ermənistanın işğalı altında olub, şəhərlərimiz dağıdılıb, insanlarımız qaçqın və məcburi köçkün durumuna düşüblər”.
Vətəninfo.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının Türkiyənin Antalya şəhərində keçirilən XIII plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, problemli məsələlər həllini tapmalıdır: “İkili standartlardan qaçmalıyıq. Dünyada ədalət və səmimiyyətə ehtiyac var”.
S.Qafarova söyləyib ki, dünyada çətinliklər getdikcə artır: “Pandemiya ilə birlikdə artan çətinliklər həyatın bütün sahələrinə təsir etdi, sosial gərginlik yaratdı. Pandemiya, iqlim dəyişikliyi və qlobal problemlərə qarşı bəzi tədbirlər görməyə çalışırıq. Həmrəylik hər zaman vacibdir”.
Qeyd edək ki, sessiyanın sonunda bəyannamə qəbul olunacaq.
Xatırladaq ki, Asiya Parlament Assambleyası 2006-cı ildə Sülh naminə Asiya Parlamentləri Assosiasiyasının VII sessiyasının qərarı ilə yaradılıb.