image-susabackend

Şuşa Bəyannaməsi müttəfiqliyimizin geostrateji əhəmiyyətini daha da artırır

image-reklam_sirab_01

Şuşa Bəyannaməsi müttəfiqliyimizin geostrateji əhəmiyyətini daha da artırır.

 

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Belə ki, bu gün Azərbaycanla Türkiyə arasında artıq yeni, keyfiyyətcə daha müasir münasibətlər, strateji tərafdaşlıq və müttəfiqlik formalaşmışdır.

Vətən müharibəsinin ilk günlərindən Türkiyə bizə öz dəstəyini göstərdi, Prezident Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. O, demişdir ki, “Bu müharibədə Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır”. Məhz iki ölkə arasında mövcud olan qardaşlıq əlaqələri 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin qələbə ilə başa çatmasında mühüm rol oynadı.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə isə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymuşdur. Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” qardaşlığın rəmzi olan bir Bəyyannamədir. Bu Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırmışdır.

Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi müttəfiqliyimizin geostrateji əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək bu münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynamışdır.

Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bütün uğurlarda ən böyük paylardan biri şübhəsiz ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə aiddir. Prezident cənab İlham Əliyev, həm də bu uğurlarla Ümummilli lider Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirərək Ali Baş Komandan kimi müzəffər Ordumuzla gözəl Qarabağı, Şuşanı xalqımıza yenidən qaytarmış, ərazi bütövlüyümüzü bərpa etmişdir.

Qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən də birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.

Xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarının Bəyannamədə öz əksini tapması isə bu müttəfiqliyin Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslandığını bir daha sübut edir. Həm də bunu tam əminliklə deyə bilirik ki, bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Çünki bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir.

Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq var və bu əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlərdən biri də Zəngəzur dəhlizidir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Geosiyasi əhəmiyyətə malik olan bu nəqliyyat layihəsi  bu gün artıq reallığa çevrilir.

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da bildirmişdir ki, Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.

Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu səbəbdən Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı və işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.

 

Xaliq Hüseynov

YAP Nəsimi rayon təşkilatının İƏPT sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki