image-img-20220616-wa0006backend

Şuşa Bəyənnaməsi Azərbaycanın uğurudur

image-reklam_sirab_01

                        Şuşa Bəyənnaməsi Azərbaycanın uğurudur

Azərbaycan və Türkiyə dost, qardaş ölkədir və bizi eyni soy-kök, din, adət-ənənələr birləşdirir. Bu iki qardaş ölkə həmin yaxşı, həm dar gündə bir-birinin yanında olmuşlar. İkinci Qarabağ müharibəsi zamanı da bütün dünya bu birliyin, həmrəyliyin bir daha şahidi oldu. Müharibənin ilk günlərindən etibarən Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi və bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvə və dairələrin qarşısını aldı. Bu dəstək indi davam edir və hər zaman belə olacaq.

Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər yeni reallıqlar yaratdı və qardaş Türkiyə ilə münasibətlər yeni bir mərhələyə qədəm qoydu. Bu yeni mərhələnin əsasını isə ötən il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə təşkil edir. Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bir sənəd oldu və bu, ölkələrimiz arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında ifadə etdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib. Şuşa Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın yeni tarixi mərhələsi, həmçinin Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.

Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

Hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsi təbii olaraq, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmağa imkan verəcəkdir. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq və Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaqdır. Bütün bunlardan əlavə, ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bir sözlə, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırmaqla bərabər əhatəli sülhə də yol açır. Ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Türkiyə və Azərbaycan bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamənin imzalanması Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və ölkəmizdəki bütün siyasi qüvvələr tərəfindən dəstəklənib. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artıracaqdır.

Talıbzadə Fatimə. YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki