Vətəninfo.az xəbər verir ki, Gəncə şəhərinin Gülüstan qəsəbəsi son dövrlər urbanizasiya və tikinti bumu ilə diqqət mərkəzindədir. Lakin bu inkişafın arxasında gizlənən mənzərə şəhərin ekoloji tarazlığı üçün ciddi təhlükə siqnalları verir. Son zamanlar istifadəyə verilən “Qrand Teatr” şadlıq sarayının ətrafında baş verənlər, sadəcə bir tikinti layihəsi deyil, bütöv bir ekosistemin məhv edilməsi prosesidir.
Təbiətə qarşı törədilən cinayət: Çinarların sonu
Vaxtilə qürur mənbəyimiz olan, şəhərə xüsusi gözəllik verən hündürboylu çinar və Eldar şamı ağacları ilə zəngin bu ərazi, bu gün tamamilə başqa bir mənzərə ilə qarşımızdadır. İddialara görə, “Qrand Teatr” şadlıq sarayının sahibləri ilə Gəncə Ekologiya İdarəsinin əməkdaşları-Qorxmaz və Vasif adlı şəxslər arasında əldə olunan “razılaşma” nəticəsində, bu qiymətli ağaclar gecə qaranlığında məhv edilib. Rüşvət qarşılığında təbiətə vurulan bu zərbə, təkcə ağacların kəsilməsi deyil, həm də gələcək nəsillərin təmiz hava hüququnun tapdanmasıdır.
Bu biabırçı hadisənin kökündə duran əsas məsələ dövlət qurumlarının üzərlərinə düşən vəzifəni yerinə yetirməməsidir. Gəncə Şəhər İcra Hakimiyyəti şəhərin memarlıq və ekoloji simasına cavabdeh olan qurumun gözü qarşısında baş verən bu ağac qırğınına susqunluqla yanaşılması, yaxud bunun qarşısını ala bilməməsi düşündürücüdür. İcra başçısı şəhərin hər qarışına sahib çıxmalı, belə qanunsuzluqların qarşısında sərt mövqe nümayiş etdirməlidir. Əgər şəhərdə bir ağac belə sənədsiz-sərəncamsız kəsilirsə, bu, İcra Hakimiyyətinin nəzarət mexanizminin iflası deməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarındakı korrupsiya halları artıq dözülməz həddə çatıb. İddialara görə,şadlıq sarayı sahibindən rüşvət alaraq, təbiəti müdafiə etməli olan şəxslərin özləri təbiət qatilinə çevrilibsə, bu sistemin tamamilə yenilənməsinə ehtiyac var. Nazirlik bu faktı dərhal araşdırmalı, “Qorxmaz və Vasif” adlı əməkdaşlar haqqında ən ağır inzibati və cinayət tədbirləri görülməlidir.
Şəhərimizin yaşıllıq zolaqlarının biznes maraqlarına qurban verilməsi yolverilməzdir. Biz “Qrand Teatr”ın və ya hər hansı digər obyektdə çalışanların tikinti fəaliyyətinə qarşı deyilik, lakin bu fəaliyyət təbiətin, yaşıllığın və ictimai maraqların hesabına aparılmamalıdır.
Gəncə Şəhər İcra Hakimiyyətini və Ekologiya və Təbii Sərvətlər Nazirliyini bu məsələyə münasibət bildirməyə, faktları yerində araşdırıb ictimaiyyətə şəffaf məlumat verməyə çağırırıq. Unutmayın ki, kəsilən hər ağac gələcəyimizdən kəsilən bir paydır.
Araşdırmalarımız davam edir və biz bu məsələni sonadək diqqətdə saxlayacağıq.
Vətəninfo.az


























