Təhsil Nazirliyi tələbə təhsil kreditləri ilə bağlı narazılıqlara münasibət bildirib.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, tələbə təhsil kreditləri üçün arayış tələbi yoxdur.
Qeyd edilib ki, kredit sistemindən qeydiyyatdan keçmək üçün 18 yaşından aşağı şəxslərdən “ASAN login” tələb olunmur: “Onlar notarial ərizə nömrəsi ilə qeydiyyatdan keçə bilərlər. Həmçinin sosial kredit növündə bal tələbi yoxdur. Standart növdə 300 bal var, o da ilk ilin ilk semestri üçündür. Növbəti semestrlərdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) nəzərə alınır”.
Vurğulanıb ki, Təhsil Tələbə Krediti Fondu qeyri-kommersiya hüquqi şəxsdir: “Qurumun məqsədi mənfəət əldə etmək yox, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Fondun əsas hədəflərindən biri tələbələrin dərslərini yaxşı oxumaqlarına stimul yaratmaqdır. Təklif edilən kredit faizləri də cüzi və simvolikdir. Bu, ölkədaxili kommersiya banklarının təhsil krediti faizinə və ya digər ölkələrin zamin, girov şərtləri ilə müqayisə də edilə bilər. Qaytarılan vəsaitlə bağlı isə hesablama apararkən diqqətli olmaq lazımdır”.
“Kredit almaq üçün müraciət edərkən akademik kəsr olmaması sadəcə son semestr üzrə tələbdir, daha əvvəlki semestrlərdə olması hüquq məhdudlaşdırmır”, – nazirlikdən qeyd edilib.