2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”-da tibb təhsilinin yer almaması məsələsinə aydınlıq gətirilib.
Veteninfo.az xəbər verir ki, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib. O, bildirib ki, proqramda tibb təhsili olmasa da ictimai səhiyyə ixtisası var:
“Bu səhiyyənin idarə edilməsini özündə ehtiva edən geniş bir sahədir, düşünürük ki, buna ciddi ehtiyac var. Müvafiq qurumların rəyi əsasında bu 15 ixtisadan biri olaraq təsbit olunub”.
Təhsil Nazirinin müşaviri Nicat Məmmədli isə qeyd edib ki, tibb təhsili spesifik bir sahədir:
“Məsələn, tibb təhsilində magistratura pilləsi mövcud deyil. Adətən dünyanın bir çox ölkələrində tibb təhsilinin xüsusi təşkili forması var. Həmçinin tibb təhsilinin uzunmüddətli olması, bəzi ölkələrdə bunun kifayət qədər bahalı olması qoyulan investisiyanın geri qaytarılması nöqteyi- nəzərindən də ciddi problemlər yarada bilir. Bununla bağlı böyük ehtimalla bu yaxınlarda elan edəcəyimiz ayrıca bir layihəmiz olacaq” – o deyib.