Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri elan olunub.
Bu barədə Vətəninfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqəyə ümumilikdə 1 636 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 229 layihə (14%) daha çoxdur. Daxil olan layihələrin 92-si ümumi təhsil müəssisələrinin, 1 544-ü isə təhsilverənlərin fərdi layihələridir.
Qrant müsabiqəsinə daxil olmuş bütün layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 549 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 229 layihə qrant qazanıb. Həmin layihələrin 10-u ümumi təhsil müəssisələrinin, 219-u isə təhsilverənlərin fərdi layihələridir.
Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Şəmkir, Ağstafa, Abşeron, Cəlilabad daxildir.
Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər.
Müsabiqənin yekunlarını əks etdirən cədvəllə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.
“Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə qrant ayrılmış layihələrin siyahısı
“Fərdi layihələr” kateqoriyası üzrə qrant ayrılmış layihələrin siyahısı