Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə 26-29 may 2022-ci il tarixlərində Bakıda “Teknofest Azərbaycan” festivalı keçirildi. Türkiyənin ən iri aviasiya, kosmos və texnologiya festivalı “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində təşkil olundu. Dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olan “Texnofest” Türkiyədə milli texnologiya adını alıb və tədbirin əsas məqsədi hər il texnologiyalar sahəsində yeni naliyyət və rekordlara imza atmaqdır.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır. 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək bir çox önəmli mesajlar verdi. Bu il Turkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubleyi ili olduğunu söyləyən Prezident Rəcəb Tayyib Ərdoğan Turkiyə və Azərbaycanın bir–birinə dəstəyinin tarixinin qədim olduğunu, 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə ,Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimizin və biləklərimizin ortaq mübarizəmizdə yenidən bərabər olduğunu söylədi. Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq söyləyən Rəcəb Tayyib Ərdoğan daha sonra Şuşa Bəyannaməsi ilə qardaşlıq əlaqələrimizin strateji müttəfiqlik səviyyəsinə çatdırıldığını, enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurulduğunu, ikitərəfli əlaqələrimizn təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdığını bildirdi.
Bakıda ilk dəfə təşkil olunan “TEKNOFEST Azərbaycan”da texniki nailiyyətlər nümayiş etdirildi. Bu tədbir Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf etdiyinin, iki dost və qardaş dövlət olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olan əməkdaşlıqlar bundan sonra da genişlənəcəyinin bariz nümunəsi oldu.
Könül Əfəndiyeva – YAP üzvü