image-4backend

“Təşəkkür edirəm ki, məni belə intellektual uşaqlarla görüşdürdünüz” – yazıçı, pedaqoq Zahid Xəlil

image-reklam_sirab_01

“Məktəbdə…” layihəsinin növbəti görüşü paytaxtdakı 16 nömrəli Texniki-Humanitar Liseydə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı görkəmli pedaqoq, uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair Zahid Xəlil  olub.

Şagirdlərlə səmimi ünsiyyət şəraitində keçən görüşdə qonaq ədəbiyyata gəlişindən, ilk qələm təcrübəsindən, ona məşhurluq qazandıran şeirinin yaranma tarixçəsindən danışıb. Z.Xəlil vətənpərvərlik hissinin aşılanmasında bədii əsərlərin rolundan, uşaqlar üçün qələmə aldığı Vətən müharibəsindəki Zəfərdən bəhs edən “Dəmir yumruq dastanı” əsərindən bəhs edib, uşaq ədəbiyyatının bugünkü problemlərindən danışıb, şagirdlərin mütaliəsi üçün onlara kitab tövsiyələri verib.

Həyatının yarım əsrdən artıq bir dövrünü pedaqoji fəaliyyətə həsr edən qonaq təhsilimizin gələcəyindən, bu yolda həyata keçirilən uğurlu islahatlardan, Azərbaycan məktəbinin yetişdirdiyi gəncliyə olan böyük ümidlərindən söz açıb. “Təşəkkür edirəm ki, məni belə intellektual uşaqlarla görüşdürdünüz”, deyən Z.Xəlil gənclər, yeniyetmələrlə ünsiyyətdən hər zaman böyük zövq aldığını vurğulayıb,  məktəbliləri düşündürən suallara aydınlıq gətirib.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Qeyd edək ki, “Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image