ABŞ Prezidenti Donald Tramp İranla bağlı əvvəlki “məhv etmək” ifadəsini açıqlayıb. O, İranın mövcud siyasi hakimiyyəti ilə davamlı sülhün mümkün olmadığını bildirib.
Vətəninfo.az xəbər verir ki, Tramp bu barədə “Time” jurnalına müsahibəsində danışıb.
Jurnalistin “Sülh prezidenti özünü necə bütün bir xalqın məhvinə çağırış edən biri kimi göstərə bilər?” sualına Tramp belə cavab verib:
“Çünki İranı məhv etməklə dünya sülhü yaratdıq. Məncə, İranın iştirakı ilə ümumiyyətlə sülh mümkün olmazdı.”
Jurnalist Trampdan bu ifadə ilə İran İslam Respublikasının hakimiyyətini, yoxsa ümumilikdə İran xalqını nəzərdə tutduğunu soruşub və mülki əhalinin taleyinə münasibətini dəqiqləşdirməsini istəyib.
ABŞ prezidenti cavabında İran hakimiyyətinin nümayişçilərə qarşı zorakılıq tətbiq etdiyini iddia edib. Onun sözlərinə görə, Tehran son aylarda 72-75 min arasında insanın ölümünə səbəb olub.
“Onlar 75 min insanı öldürüblər. Bu, inanılmazdır, əsl qan tökülməsidir”, – Tramp deyib.
Trampın sözlərinə görə, İran hakimiyyətinə qarşı genişmiqyaslı etirazların qarşısının alınmasında əsas amillərdən biri insanların küçələrə çıxmaqdan qorxmasıdır. O, təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açdığını, bəzi hallarda yüzlərlə və ya minlərlə insanın öldürüldüyünü və etirazçılara qarşı snayperlərdən istifadə edildiyini bildirib.
ABŞ prezidenti qadınların da iştirak etdiyi etirazlardan danışaraq qeyd edib ki, snayperlərin bir neçə nümayişçini vurmasından sonra digər iştirakçılar hadisəni görərək ərazidən qaçmağa başlayıblar.
Trampın açıqlamalarında İran hakimiyyətinin nümayişçilərə qarşı zorakılığına dair ciddi ittihamlar yer alsa da, onun səsləndirdiyi ölüm rəqəmlərinin mənbəyi və dəqiqliyi ayrıca yoxlanılmalıdır.


























