image-reklam-veteninfo
image-1backend

Trampın “səhv” dediyi plan dayandırıldı – Britaniya işğal etdiyi adalardan çıxmır

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Trampın sərt tənqidindən sonra Böyük Britaniya Hind okeanının mərkəzində yerləşən Çaqos adaları üzərində suverenlikdən imtina planını müvəqqəti dayandırdığını açıqlayıb. Adaların əsas hissəsində yerləşən Dieqo-Qarsiya bazası həm Britaniya, həm də ABŞ üçün strateji əhəmiyyət daşıyır.

2024-cü ildə London və Port-Luis arasında arxipelaqın suverenliyinin Mavrikiya verilməsi barədə ilkin razılaşma əldə olunmuşdu. Plan üzrə, Britaniya Dieqo-Qarsiyanı 99 illik icarə ilə saxlamağı nəzərdə tuturdu.

Ancaq Tramp bu planı yanvar ayında “böyük səhv” adlandıraraq sərt tənqid etmişdi. Xüsusilə ABŞ və İran arasında gərginliyin artdığı dövrdə Dieqo-Qarsiyadakı hərbi bazanın əhəmiyyəti Vaşinqton üçün daha da yüksəlib.

Trampın tənqidlərindən sonra proses dayandırılıb. Rəsmi London adanın “hərbi təhlükəsizlik baxımından kritik əhəmiyyət daşıdığını” açıqlayıb.

2026-cı ilin yazında Çaqos arxipelaqı, xüsusilə Dieqo-Qarsiya adası ABŞ Silahlı Qüvvələri üçün əsas hərbi platformalardan birinə çevrilib. Ada ABŞ-nin strateji bombardmançı təyyarələrinin yerləşdirildiyi mühüm nöqtələrdən biri kimi istifadə olunur. Burada ağır strateji bombardmançıların yerləşdirilməsi üçün geniş aerodrom, yanacaq anbarları və dərin su limanı mövcuddur.

Məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 Spirit və B-52 Stratofortress tipli bombardmançılar buradan İran ərazisinə qarşı əməliyyatlarda istifadə olunub.21 mart 2026-cı ildə İranın Dieqo-Qarsiyaya doğru iki orta mənzilli ballistik raket atdığı, lakin raketlərin hədəfə çatmadığı bildirilir. Raketlərdən biri dənizə düşüb, digəri isə ABŞ hərbi gəmisindən buraxılan raket əleyhinə sistem tərəfindən məhv edilib.

Çaqos arxipelaqı uzun illərdir Böyük Britaniya ilə Mavrikiya arasında mübahisə predmetidir. Mavrikiya tərəfi adaların “qanunsuz işğal” altında olduğunu bildirir. 2019-cu ildə BMT Baş Assambleyası və Beynəlxalq Məhkəmə Mavrikiya iddialarını əsaslı hesab edib.

Arxipelaqda 1960–70-ci illərdə ABŞ hərbi bazasının qurulması üçün yerli əhali zorla köçürülüb. Bu məsələ hazırda beynəlxalq hüquqda ən həssas kolonial miras nümunələrindən biri kimi qiymətləndirilir.

Son açıqlamalarda Böyük Britaniya Çaqos arxipelaqının gələcəyi ilə bağlı qərarın hələlik qeyri-müəyyən olduğunu bildirib. Beləliklə, kolonial dövrdən qalma Çaqos mübahisəsi ABŞ–İran gərginliyi fonunda yeni geosiyasi mərhələyə daxil olub və arxipelaq yenidən qlobal güclərin hərbi-strateji rəqabət mərkəzinə çevrilib.“AzPolitika.info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki