image-95c79860-d75c-46ba-8c40-4a20a79f6cadbackend

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir

image-reklam_sirab_01

 

 

Çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmiş Azərbaycan Xalq Cümhuriyyəti qısa dövr ərzində fəaliyyət göstərsə də, gələcək Azərbaycanın müstəqilliyi üçün möhkəm bir zəmin yaratmışdır. 1920 ci ildə süqut edən Azərbaycan, yalnız 1990-cı illərin əvvəlində öz müstəqilliyini bərpa etdi. Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin əməyi və səyi nəticəsində azadlığına qovuşan Xalqımız, bu gün cənab Prezident lham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində daha da müstəqil və təhlükəsizlik şəraitində yaşayır.

Bakının erməni işğalından azad edilməsindən İkinci Qarabağ müharibəsinə qədər-tarixin ən çətin dövrlərində bir-birinə dəstək nümayiş etdirmiş Azərbaycan -Türkiyə dostluq və qardaşlıq əlaqələri bu gün inkişafının ən yüksək səviyyəsindədir. Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir!”, Mustafa Kamal Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə dostluğu indiki şəraitdə hər iki ölkənin rəhbərliyi tərəfindən daha prinsipal mövqe nümayiş etdirir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi.

Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə isə Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Hər ötən gün bu müttəfiqlik, qardaşlıq, dostluq əlaqələri bütün sahələrdə daha da artaraq davam etməkdədir. Artıq güclənən Azərbaycan və Türkiyə dövlətləri beynəlxalq güc mərkəzinə çevrilərək çox önəmli bir yerdədir.

Cari ilin 28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında isə cənab Prezident İlham Əliyevin “bu festival bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır” deyə böyük əhəmiyyət kəsb edən fikirləri vurğulaması əbədi Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını bir daha sübut etdi.

Cənab Prezident İlham Əliyevin türk dünyasının böyük oğlu, dünyaşöhrətli böyük alim, Nobel mükafatı laureatı Əziz Səncəri, TEKNOFEST”-in təşkilatçısı və təşəbbüskarı Səlçuk Bayraktarı səmimiyyətlə salamlaması, onları gənclər üçün gözəl nümunə və örnək olaraq nümayiş etdirməsi bu tarixi əhəmiyyətli festivalda iştirak edən Azərbaycan-Türkiyə gənclərinin yaddaşında silinməz izlər qoyacaq.

Çoxəsrlik tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin cari ildə 30 illik yubileyidir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxışında qeyd etdiyi “Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq” kimi dəyərli fikirləri bütün dünya üçün aydın bir mesaj idi.

44 günlük Vətən müharibəsində birlik, əzm nümayiş etdirərək düşməni məhv edən, əbədi qalibiyyət Zəfərini qazanan Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bir daha bütün dünyaya göstərdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın möhtəşəm tədbirdə səsləndirdiyi “…Müharibədə olduğu kimi, sülh dönəmində də Azərbaycanın yanındayıq” fikirləri isə haqsızlıq edənlərə, Ermənistana dəstək olanlara ciddi xəbərdarlıq mahiyyəti daşıyırdı.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızda aparılan əsaslı yenidənqurma və bərpa işlərində də Türkiyənin dəstəyi hər iki xalqın qürur mənbəyi olmaqla gələcək nəsillərə əbədi miras olaraq qalacaqdır.

Yaşasın Azərbaycan-Türkiyə, birliyi, qardaşlığı!

 

 

 

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nəsimi rayon Komitəsinin əməkdaşı

Yeganə Rəhimova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki