image-fb_img_1662803102347backend

Türkiyə f-16-ları təkrar Azərbaycanda, nazir orduya “hazır ol” əmri verdi

image-reklam_sirab_01

Oturub qara-qara düşünürük ki, Qarabağda vəziyyət necə olacaq? Bəzən elə fon yaradılır, sanki bu qədər torpaqları azad edən millət biz deyilik. Bu cür möhtəşəm qələbə qazanan bizim ordu yox, düşmən ordusudur. Millətimi çox sevirəm. Ona inanıram. Qeyri-adiliyinə heyranam. Amma pessimizmini əsla qəbullana bilmirəm. Ortada Azərbaycanın 100 illərə bəs edəcək qələbəsi var, baxıram, hamı narazıdır. Narahat olaq, amma narazı olmayaq. Narazılıq enerjini sovurub aparır. Millət hər şeydən narazılıq edəndə, inkişafdan qalır. Dəxli oldu, olmadı, bu gün hamı hər kəsdən, hər şeydən narazılıq edir. Pulu olan da, olmayan da, varlı da, kasıb da, burda yaşayan da, Avropaya köçən də – azərbaycanlı hər şəraitdə, hər məkanda, hər coğrafiyada narazıdır.

Arayış verim ki, mən sosial problemlərlə bağlı olan narazılığı demirəm. Pensiya, müavinət, uşaq pulu və s. məsələləri qəsd etmirəm. Bahalıq deyinmələrini, narazılıqlarını da bura qatmıram. Sırf Qarabağla, işğaldan azad edilən və ediləcək torpaqlar üzərinə gedən prosesləri, aparılan mübahisələri, bu mövzuda qalanan narazılıq tonqallarını nəzərdə tuturam.

Hamının Qarabağdan, işğaldakı torpaqlardan əlini üzdüyü vaxtda dövlət Vətən müharibəsinə qərar verdi. İşğaldakı əraziləri düşməndən geri almaq millətsiz mümkün deyil. Müharibəni dövlət başladar, dövlət yönəldər, fəqət savaşın taleyini xalq həll edər. Əslində Azərbaycan cəmiyyəti Tovuz döyüşləri başlayan kimi savaşa qərar vermişdi. Bütün ölkə Tovuzun Ağdam kəndinə toplaşdı. Minlərlə insan səfərbərlik idarələrinə gedib, orduya könüllü yazıldı. Dövlətlə millətin qərarı üst-üstə düşdü, addımları paralel getdi, arzusu, istəyi bir oldu, ona görə də Azərbaycan qələbə qazandı. Bu səbəbdən düşmənin başını əzə bildik, Şuşaya bayraq sancmağı baxardıq.

Hazırda başqa mərhələdi. Azərbaycan dövləti işğaldan azad etdiyi əraziləri yenidən qurur, tikir, bərpa edir. Oralar boş qala bilməz, əhali köçməlidir. Bütün Qarabağ, işğaldan azad edilən digər ərazilər böyük tikinti meydançasına dönüb. Ötən ilin bu günləri Füzuli aeroportunun açılışı haqda yazırdıq. Test uçuşunu həyata keçirən təyyarənin eniş-qalxış manevrlərini paylaşırdıq. Aeroportun pistini gələcəyə uzanan yol kimi görürdük. Və haqlı idik. Artıq bu aeroport açılıb və xidmət göstərir. Ayda bir neçə dəfə Baklıdan qalxan təyyarələr Füzuliyə enir, sərnişinlər ordan Şuşaya qalxır. Həmin vaxt bəziləri bu vacib və nəhəng layihəni gözdən salmaq üçün klaviaturanın, kameranın qarşısında yatırdılar.

İndi də Zəngilan aeroportunun açılışına hazırlıq görülür. Test uçuşları həyata keçirilir. Açılışa hazırlanır. Tezliklə istifadəyə veriləcək. Laçında tikilməkdə olan hava limanında da işlər davam edir. Düşmənin azərbaycanca danışan dilləri bu layihələri gözdən salmaq üçün növbəyə dayanıblar. Ölkəmizin, millətimizin uğur adına nəyi varsa, düşmənin nökərləri ona savaş açır. Bu, Azərbaycanın indisinə, sabahına açılan savaşdı, vurulan söz yaralarıdır.

Yeri gəlmişkən, internet tv-lərə çıxan bir çox ekspertlərə baxdıqda, adama elə gəlir, düşmən Nəvahiyə dirənib, bütün ölkə işğal edilib, təkcə Bakı qalıb. Paytaxtımızı da bu gün sabah işğal edib, bizi qıracaqlar. Mövzunu bilən, bilməyən, proseslər haqda məlumatı olan, olmayan hər kəs çıxıb neqativini millətin, dövlətin üstünə səpələyir. Ümidsizlik yaradırlar. İnamsızlıq yaradırlar. Dövlətin əlinə, ayağına dolaşırlar. Millətin gələcəyə olan inancına haram qatırlar.

Ukrayna ordusunun bir kəndi ruslardan azad etməsi haqda sutkada 5 status, 8 foto paylaşan bəzi azərbaycanlılar Laçın şəhərinin, Zabux və Sus kəndlərinin düşməndən geri alınması, “Qisas” əməliyyatı barədə ya heç nə paylaşmırlar, yazmırlar, ya da bu prosesləri ölkəmizin mənafeyinin ziddinə kimi təqdim etməyə çalışırlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hər bəhanədə tənqid və hətta təhqir edənlər onun Füzuliyə, Şuşaya səfərləri barədə kəlmə kəsmirlər. Türkiyə siyasətçilərinin, hərbçilərinin ölkəmiz üçün nələr etdiyini görməzdən gəlirlər.

Türkiyə hər şeyi ilə Azərbaycanda ola-ola Qarabağdakı 1960 nəfərlik Rusiya sülhməramlılarından qoşun düzəldib üstümüzə qorxudan, vahimədən, ümidsizlikdən hücum çəkir bəzi ekspertlər, politoloqlar, sosial şəbəkə fenomenləri.

Bu günlərdə Azərbaycanda möhtəşəm təlim keçirilib – “Turaz Qartalı – 2022” təlimi. Yenə F-16-lar, hərbi helokopterlər, ən təcrübəli pilotlar burda idi. Türkiyə-Azərbaycan bayraqları yanaşı dalğalanırdı təlimlərdə. Pilotların əllərində türk bayraqları çəkilmiş, yayılmış fotolarını paylaşdımı özlərini Ukraynasevər kimi göstərənlər? Biz işğala qarşıyıq. Rusiyanın Ukraynaya hücumunu lənətləyirik. Bunu açıq şəkildə işğal adlandırırıq. Amma ölkəmizin mənafeyi, maraqları, uğuru hər kəsdən, hər şeydən öndə gəlməlidir. Qarabağda bir uğurlu əməliyyatı, layihəni, Türkiyənin Azərbaycana dəstəyini, birgə hərbi təlimləri paylaşmırsansa, sənin Ukrayna sevgin, sülh səmimiyyətin inandırıcı sayıla bilməz. Öz ölkəsinin uğuruna sevinməyən, kiçik bir uğursuzluğu dünyaya car çəkən azərbaycanlı Ukrayna üçün necə səmimi ola bilər? Ukrayna xalqı üçün göz yaşı tökə bilərmi? Əsla!

Türkiyə ilə Azərbaycan hərbçilərinin birgə təlimləri davam edir. İnşallah, indən sonra da edəcək. Bu, bizim ölkə və xalq olaraq qarantımızıdır. Ən əsas, NATO-nun ən güclü ordularından olan Türkiyə ordusunun bizim hərbçilərə təlim keçmələri gələcəyimizi üçün çox mühümdü. 20-25 il öncə Türkiyədə təlim kursları keçmiş hərbçilərin Vətən müharibəsi dövründə necə böyük rol oynadıqlarını gördük. Rusiya hərbi sisteminin ordumuzun tərkibindəki bir çox yetirmələrinin isə 30 ildir Azərbaycana hansı xainlikləri etdikləri də göz önündədir.

image-fb_img_1662803105600

Bu gün Müdafiə Nazirliyində Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Zakir Həsənov orduya istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Savaş bitməyib. Davam edir. Azərbaycan üç cəbhədə savaşır – hərbi, diplomatik və bir də düşmənin dilimizdə danışan sosial şəbəkə “qoşunu” ilə. Bunun paralelində Qarabağ yenidən qurulur – yollar, tunellər çəkilir, qəsəbələr salınır, binalar tikilir, infrastruktur sıfırdan yaradılır, su, elektrik, qaz xətləri yenilənir.

Prezident İlham Əliyev Azərbaycanın gələcəyini inşa edir. Artıq biz bunu gündəlik, sıradan iş kimi qəbul edirik. Əslində isə nəhəng proseslər həyatımızdan, yanımızdan üzü gələcəyə keçir.

Azər Ayxan 

Xüsusi olaraq Vətəninfo.az üçün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki