Türkiyə İraqın şimalındakı Başika-Zilkan hərbi bazasından qoşunlarının çıxarılması prosesini 2026-cı ilin sonunadək başa çatdıracaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözçüsü Sabah ən-Numan ölkənin dövlət televiziyasına açıqlamasında bildirib.
İraqın INA dövlət xəbər agentliyinin məlumatına görə, Türkiyə hərbçilərinin bazadan mərhələli çıxarılması noyabr ayında həyata keçiriləcək. Hərbi obyektin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində tam şəkildə İraq təhlükəsizlik qüvvələrinin nəzarətinə keçməsi nəzərdə tutulur.
Sabah ən-Numan bildirib ki, Türkiyə və İraqın Birgə Təhlükəsizlik Koordinasiya Komitəsi artıq fəaliyyətə başlayıb. Komitə hərbi bazanın təhvil verilməsini və Sincar bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini əlaqələndirir.
Qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın Baş naziri arasında sentyabrın 23-də Nyu-Yorkda əldə edilmiş razılaşmaya əsaslanır.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin noyabrın 8-də yaydığı birgə bəyanatda da Başika-Zilkan bazasının mərhələli şəkildə İraq hökumətinə təhvil veriləcəyi təsdiqlənib.
Razılaşma Sincarda İraq dövlətinin nəzarətinin gücləndirilməsini, PKK terror təşkilatının bölgədəki mövcudluğuna son qoyulmasını, təhlükəsizlik əməkdaşlığının genişləndirilməsini və iqtisadi əlaqələrin inkişafını nəzərdə tutur.
Başika-Zilkan hərbi bazası 2015-ci ildə İŞİD terror təşkilatına qarşı mübarizə aparan yerli qüvvələrin hazırlanması məqsədilə yaradılıb. Türkiyənin İraqın şimalında digər hərbi mövqeləri də mövcuddur.Musavat.com


























