Hakan Fidan- bu ad son illər istər Türkiyədə , istərsədə dünyada olduqca maraqla izlənilir. Peşəkar diplomat, həm də çoxlarının qəhrəman kimi tanıdığı dövlət adamı… Son illər sosial şəbəkədə onun Abdulla Çatlının oğlu olması barədə məlumatlar dolaşır. Bu sadəcə bir oxşatmadır.
Hakan Fidan Türkiyənin xarici siyasətində və təhlükəsizlik strategiyasında uzun illər əsas fiqurlardan biri olub. O, xüsusilə Milli İstihbarat Teşkilatının rəhbəri kimi fəaliyyəti dövründə “dövlətin sirr küpü” kimi tanınıb. Bu ifadə onun mediadan uzaq, lakin təsir gücü yüksək olan fəaliyyətini xarakterizə edir.
1968-ci ildə Ankarada anadan olan Fidan hərbi təhsil alıb və karyerasına Türk Silahlı Qüvvələrində başlayıb. Daha sonra NATO çərçivəsində beynəlxalq missiyalarda iştirak edib. Ordudan ayrıldıqdan sonra akademik fəaliyyətə yönələrək xarici siyasətdə kəşfiyyatın rolu mövzusunda elmi tədqiqatlar aparıb.
2003-cü ildə Türkiyəyə qayıdan Fidan TİKAnın rəhbəri təyin olunub. Bu vəzifədə o, Türkiyənin xaricdə “yumşaq güc” siyasətinin genişlənməsində rol oynayıb. Daha sonra Baş nazirlikdə müşavir kimi fəaliyyət göstərərək təhlükəsizlik və xarici siyasət məsələlərində Rəcəb Tayyib Ərdoğanın ən yaxın komandasında yer alıb.
2010-cu ildə MİT rəhbəri təyin edilən Hakan Fidan 13 il bu vəzifədə çalışaraq təşkilatın strukturunda və fəaliyyət istiqamətlərində ciddi dəyişikliklər edib. Onun rəhbərliyi dövründə MİT yalnız məlumat toplayan qurumdan daha aktiv əməliyyat aparan və regional siyasətə təsir edən quruma çevrildiyi qeyd olunur.
Fidanın fəaliyyəti xüsusilə Suriya münaqişəsi, Yaxın Şərq siyasəti və regional təhlükəsizlik məsələlərində ön plana çıxıb. O, həmçinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda, əsir mübadilələrində və diplomatik təşəbbüslərdə iştirak edən əsas fiqurlardan biri olub. Türkiyənin Misir, İsrail və digər ölkələrlə münasibətlərinin normallaşmasında da onun “arxa qapı diplomatiyası” mühüm rol oynayıb.
Türkiyə daxilində isə Fidan “çözüm prosesi” kimi tanınan və ölkənin daxili təhlükəsizliyi ilə bağlı danışıqlarda əsas iştirakçılardan biri olub. 2012-ci ildə baş verən və “MİT böhranı” kimi tarixə düşən hadisə onun siyasi sistemdəki əhəmiyyətini daha da ön plana çıxarıb. Həmin dövrdən sonra MİT əməkdaşlarının hüquqi statusu ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib.
2015-ci ildə qısa müddət siyasətə keçmək istəsə də, yenidən MİT rəhbərliyinə qayıdan Fidan, 15 iyul çevriliş cəhdi zamanı baş verən proseslərdə də mühüm rol oynayıb. Bu hadisədən sonra Türkiyədə təhlükəsizlik və kəşfiyyat sistemində yeni mərhələ başlayıb.
2023-cü ildə Hakan Fidan Türkiyənin xarici işlər naziri təyin olunub. Bununla da o, uzun illər daha çox kölgədə qalan fəaliyyətindən çıxaraq açıq diplomatiyanın əsas simalarından birinə çevrilib.
Qoşqar Salmanlı


























