“The Telegraph” nəşrinin yaydığı məlumata görə, Ukrayna Rusiyanın Kiyevə son hücumlarına cavab olaraq Moskvaya son bir ildə ən böyük pilotsuz uçuş aparatı hücumunu həyata keçirib. Hücum zamanı paytaxt istiqamətində təxminən 600 dron buraxıldığı bildirilir.
Vətəninfo.az xəbər verir ki, hücum şənbə axşamından bazar səhərinə qədər davam edib. Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya ərazisi üzərində ümumilikdə 586 pilotsuz aparat vurulub. Hadisələr nəticəsində azı üç nəfər həlak olub.
Rusiya mediasının məlumatına görə, bu, son bir ildə Moskva və ətrafına edilən ən genişmiqyaslı dron hücumudur. Partlayış səslərinin təkcə şəhər ətrafında deyil, Moskvanın mərkəzi hissələrində də eşidildiyi qeyd olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna ordusuna Rusiyanın Kiyevə hücumuna cavab tədbirləri ilə bağlı yeni təkliflər hazırlamaq tapşırılıb. Xatırladılıb ki, Rusiyanın Kiyevə son hücumları nəticəsində 24 nəfər həyatını itirib, təxminən 50 nəfər yaralanıb.
Nəşrin məlumatına görə, Ukrayna dronlarının Rusiyanın ən işlək hava limanlarından biri olan Şeremetyevo hava limanı yaxınlığında da qeydə alındığı bildirilib. Hədəflər arasında neft emalı zavodları, raket istehsalı müəssisələri, yanacaq infrastrukturu və texnologiya parklarının olduğu qeyd edilir.
Zelenski sosial şəbəkə paylaşımında Ukraynanın uzaqmənzilli zərbələrinin Moskva bölgəsinə çatdığını təsdiqləyib. O bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemlərinin böyük hissəsi Moskva ətrafında cəmləşsə də, Ukrayna qüvvələri bu müdafiəni yarmağa nail olur.
Ukraynanın pilotsuz sistemlər qüvvələrinin komandanı Robert Brodi isə Telegram kanalında qanadında “Moskva heç vaxt yatmır” yazılmış dronun fotosunu paylaşıb.
Hücum nəticəsində Moskva vilayətinin Ximki və Poqorelki yaşayış məntəqələrində ölənlərin olduğu, bir sıra yaşayış evlərinə və infrastruktur obyektlərinə ziyan dəydiyi bildirilib. Moskva yaxınlığındakı Subbotino kəndində dron qalıqlarının yaşayış evinə düşməsi nəticəsində yanğın baş verib.
Bundan başqa, Moskvanın cənub-qərbində yerləşən İstra şəhərində də dron hücumları nəticəsində dörd nəfərin yaralandığı və yaşayış binalarına zərər dəydiyi qeyd olunub.
Moskva meri Sergey Sobyanin bildirib ki, Moskva Neft Emalı Zavodunda baş verən partlayış zamanı 12 nəfər xəsarət alıb. Bununla yanaşı, istehsal prosesinin dayanmadığı vurğulanıb.
Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, işğal altındakı Krım da daxil olmaqla Rusiyanın daha 14 bölgəsində dronlar vurulub. Belqorod vilayətində isə bir nəfərin öldüyü bildirilib.
Nəşr həmçinin qeyd edib ki, bundan əvvəl Rusiya 24 saat ərzində Ukrayna ərazisinə təxminən 1500 dron göndərərək müharibə dövrünün rekordunu qeydə alıb. Kiyevdə yaşayış binasına raket düşməsi nəticəsində çoxsaylı mülki şəxslər həlak olub.
Hadisələr fonunda Rusiya Prezidenti Vladimir Putin yeni informasiya məhdudiyyətləri tətbiq edib. Yeni qaydalara əsasən, rəsmi icazə olmadan Rusiya ərazisindəki hücumların nəticələrini əks etdirən foto, video və ya məlumatların yayılması qadağan olunur. Qanunun pozulmasına görə cərimələr nəzərdə tutulur.
Nəşrin məlumatına görə, Kremlin tətbiq etdiyi yeni məhdudiyyətlər internet üzərində nəzarətin gücləndirilməsi siyasətinin davamı hesab olunur. Buraya sosial şəbəkələrin fəaliyyətinin məhdudlaşdırılması və VPN xidmətlərinə qarşı tədbirlər də daxildir.
Sorğular göstərir ki, Rusiyada əhalinin bir hissəsi artıq cəbhə xəttindəki vəziyyətdən daha çox Ukraynanın uzaqmənzilli hücumlarından narahatlıq keçirir.


























