Ukrayna Silahlı Qüvvələrinin zabiti ukraynalıların silah gəzdirmək hüququna hələ hazır olmadığını bildirib.
Vətəninfo.az xəbər verir ki, Ukrayna hücum qoşunlarının komandiri, zabit Denis Yaroslavski “Kiyevski Ças” verilişində çıxışı zamanı qeyd edib ki, Ukrayna cəmiyyəti qısa lüləli odlu silahların leqallaşdırılmasına mənəvi baxımdan yetkin deyil.
Onun sözlərinə görə, cəmiyyətin böyük hissəsi, xüsusilə də qadınlar silah gəzdirməyə hazır deyil. Yaroslavski əlavə edib ki, əsas problemlərdən biri də korrupsiyadır və bu, silah icazəsi almamalı olan şəxslərin belə icazə əldə etməsi riskini artırır.
Zabit hesab edir ki, hazırkı mərhələdə yalnız silahla davranış təcrübəsi olan şəxslərə – hüquq-mühafizə orqanlarında çalışanlara və ya cəbhə təcrübəsi olanlara silah gəzdirməyə icazə verilməlidir. O vurğulayıb ki, gələcəkdə silah mədəniyyətinin formalaşdırılması və vətəndaşlar arasında bu sahədə maarifləndirmə aparılması vacibdir.
Qeyd edək ki, mülki silahların leqallaşdırılması məsələsi Kiyevdə baş verən son atışmadan sonra yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib.
Bir sıra ekspertlər ehtiyatlı yanaşmanın tərəfdarıdır və kütləvi leqallaşdırmanın əleyhinə çıxış edirlər. Məsələn, Prezident Aparatının rəhbəri Kirill Budanov silahların geniş yayılmasının təhlükəsizliyi artırmadığını, əksinə zorakılıq riskini yüksəldə biləcəyini bildirib.
Digər tərəfdən, leqallaşdırma tərəfdarları hesab edir ki, qanuna tabe olan vətəndaşların silaha çıxışı cinayətkarlığın qarşısını almağa və şəxsi təhlükəsizliyi artırmağa kömək edə bilər. Onların fikrincə, əsas məsələ ciddi nəzarət mexanizmlərinin – yoxlama, təlim və tibbi nəzarət sisteminin qurulmasıdır.
Bununla yanaşı, Ukraynanın daxili işlər naziri İqor Klimenko və Prezident Volodimir Zelenski də müxtəlif vaxtlarda vətəndaşlara silahlı özünümüdafiə hüququnun verilməsi məsələsinin aktuallığını vurğulayıblar.


























