image-79backend

Universitetlərdə koronavirusla bağlı son vəziyyət açıqlanıb – SORĞU

image-reklam_sirab_01

Sentyabrın 29-dan etibarən ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Universitetlərin bəzilərində tədris həm hibrid, həm də ənənəvi qaydada keçirilir.

Təbii, başqa sahələrdə olduğu kimi ali məktəb tələbələri arasında da yoluxma halları qeydə alınır. Bu səbəbdən həm tələbələr izolyasiya olunur, həm də qruplar 14 günlük distant tədrisə keçir.

Vətəninfo.az universitetlərdə koronavirusla bağlı son durumu araşdırıb.

Azərbaycan Dillər Universitetindən (ADU) bildirilib ki, təhsil ocağında dərslər ənənəvi qaydada davam edir: “Bu istiqamətdə hər hansı problem müşahidə olunmur. Təəssüf ki, digər ali və orta təhsil müəssisələri kimi ADU-da yoluxma halları aşkarlanır. Hazırda 9 tələbə karantindədir. Universitet üzrə 2 qrup isə distant təhsilə keçib. Ümumiyyətlə, proses nəzarət altındadır və tələbələr karantindən çıxdıqdan sonra dərslər ənənəvi şəkildə yenidən bərpa olunur”.

Noyabr ayında Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan 38 tələbədə koronavirus aşkarlanıb: “Müvafiq tibb mərkəzi tərəfindən həmin tələbələrdən analizlər götürülüb və cavabları pozitiv çıxıb. Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin tövsiyələri nəzərə alınmaqla 6 qrupda dərslər 14 gün müddətinə distant formaya keçirilib”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tədris ili başlayandan indiyədək ümumilikdə 57 nəfər COVID-19-a yoluxub: “Hazırda 31 tələbə infeksiyadan müalicə olunur. 30 qrup isə onlayn tədrisə keçirilib”.

Oktyabrın 18-dən noyabrın 1-dək Azərbaycan Texniki Universitetinin (AzTU) ümumilikdə 7 tələbəsinin koronavirus testinin nəticəsi pozitiv çıxıb: “Onların təhsil aldıqları 7 qrup distant tədrisə keçirilmişdi. Artıq həmin tələbələrin hamısı sağalıb və dərslərinə əyani qaydada davam edirlər. Ən son noyabrın 1-də 4 qrupda yoluxma aşkarlanmışdı. Ondan sonra koronavirusa yoluxan olmayıb”.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) son günlərdə tələbələr arasında yoluxma halları azalıb: “Hazırda 12 qrup təhsilini distant qaydada davam etdirir. Bu günə qədər 45 qrup distanda keçirilib. Onlardan 33-ü artıq ənənəvi tədrisə qayıdıb. 12 qrupun karantin müddəti hələ davam edir”.

Mədəniyyət və İncəsənət Universitetində ənənəvi tədris bərpa olunandan bu günə qədər 14 tələbə koronavirusa yoluxub, 13 qrup distanta keçib.

Yeni tədris ilində Bakı Dövlət Universitetinin 104 tələbəsi COVID-19-a yoluxub: “Hazırda 51 tələbə aktiv koronavirus xəstəsidir. Onlayn tədrisə davam edən qrup sayı isə 19-dur”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 10 tələbəsi hazırda koronavirusdan müalicə olunurlar: “Onlar karantindədirlər və təhsil aldıqları 9 qrup distant tədrisə keçirilib”.

Azərbaycan Tibb Universitetində yeni tədris ili başlayandan indiyədək 63 qrup onlayn tədrisə keçirilib. Bildirilib ki, həmin qruplardan 30-nun karantin müddəti bitirib və əyani dərslər bərpa olunub: “33 qrupda tədris onlayn formada aparılır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki