image-reklam-veteninfo
image-metro-jpgbackend

Vüsal Aslanovun məntiqi: Metro tikməyək ki, adamlar şəhərə gəlməsin?!

image-reklam-veteninfo

Bakı Metropoliteninin rəhbərliyi verdiyi açıqlama  heç bir məntiqə sığmır. Metropoliten rəhbəri Vüsal Aslanovun məntiqi ilə yanaşsaq, tıxacları aradan qaldırmaq üçün yolları söküb ləğv etmək lazımdır ki, insanlar maşın sürməsin.

Bir qurum rəhbəri üçün “stansiya tiksək, gələrlər” demək, faktiki olaraq “mən işləmək və inkişaf etmək istəmirəm” deməkdir.

Dünyanın bütün meqapolislərində (London, Moskva, İstanbul) metro şəhərin mərkəzini boşaltmaq, kənarları isə canlandırmaq üçün ən güclü alətdir. Aslanov isə metronu bir xidmət sahəsi deyil, sanki bir “problem mənbəyi” kimi görür. Bu, müasir menecer təfəkkürü deyil, 70-ci illərin durğunluq dövrünün yanaşmasıdır.

Şəhərətrafı qəsəbələri metrodan məhrum etmək, həmin əraziləri nəqliyyat izolyasiyasına məhkum etməkdir. Bu yanaşma Bakının kənarlarını mərkəzdən qopuq, inkişafdan geri qalmış “qetto”lara çevirir. Əgər bir rəhbər düşünürsə ki, nəqliyyatı məhdudlaşdırmaqla urbanizasiyanın qarşısını almaq olar, deməli o, şəhərin necə yaşadığını və nəfəs aldığını zərrə qədər də dərk etmir.

Metropoliten rəisinin bu açıqlaması birbaşa sosial ədalətsizlikdir. Vüsal Aslanov siz vətəndaşı mərkəzə gəlməkdən çəkindirmək üçün onu bahalı taksilərə və ya saatlarla davam edən avtobus tıxaclarına məhkum edirsiniz. Bilməmiş deyilsiniz ki, metro ən ucuz və sürətli nəqliyyat növüdür. Onu tikməmək vətəndaşın ay ərzində həm vaxtını, həm də büdcəsini oğurlamaq deməkdir. Azərbaycan dövləti Bakının baş planı üzərində işləyir, “Smart City” (Ağıllı şəhər) konsepsiyalarını müzakirə edir. Metropoliten rəhbərinin çıxışı isə bu inkişaf kursuna tamamilə ziddir. Strateji obyektin rəhbəri strateji düşünmək əvəzinə, “gəlməsinlər, görməyək, problem olmasın” prinsipi ilə çıxış edir.

Əgər mərkəzi stansiyalar sərnişin axınını idarə edə bilmirsə, bu, sərnişinlərin günahı deyil, rəhbərliyin intervalları tənzimləyə bilməməsi, yeni keçidləri inşa etməməsi və texnoloji modernizasiyanı həyata keçirə bilməməsinin nəticəsidir. Günahkarı vətəndaşın arasında axtarmaq zəif rəhbərliyin ən bariz nümunəsidir.

Son olaraq, Vüsal Aslanovun bu məntiqi ilə Bakı Metropoliteni bir nəqliyyat arteriyası deyil, Bakının inkişafı qarşısında duran ən böyük “tıxaca” çevrilir. Vətəndaşın hərəkət azadlığını və rahatlığını “yük” hesab edən bir rəhbərliklə metronun inkişafından danışmaq sadəcə vaxt itkisidir. Bu açıqlama vəzifə səlahiyyətlərinin və dövlət resurslarının səmərəsiz idarə olunmasının rəsmi etirafıdır.

Vətəninfo.az Sosial şöbə




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki