“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə “Qanla yazılan ömür” layihəsinin icrasına başlayıb.
Veteninfo.az xəbər verir ki, layihənin icra müddəti iki ay nəzərdə tutulub.
Layihənin əsas məqsədi Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Musayev Sədi Süleyman oğlunun həyatı və keçdiyi döyüş yolu haqqında sənədli film hazırlamaqdır.
Digər amalımız isə Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Musayev Sədi Süleyman oğlunun timsalında Vətən Müharibəsində Şanlı Ordumuzun göstərdiyi qəhrəmanlığı işıqlandırmaq və təbliğ etmək, şəhidlik məqamının ucalığını aşılayan dəyərlərin cəmiyyətimizdə möhkəmləndirilməsi və qorunub saxlanılmasıdır.
Bundan əlavə olaraq xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə, vətənimizə bağlılığını gücləndirmək istiqamətində dövlət siyasətinə dəstək göstərməkdir.
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə xanım Vəliyeva layihənin icrası ilə bağlı onu da bildirib ki, “Qanla yazılan ömür” sənədli filminin çəkilişinə başlanılıb.
Bu günə qədər filmlə əlaqədar olaraq Füzuli və Beyləqan rayonlarında müxtəlif çəkilişlər aparılıb.
Hal-hazırda filmin çəkilişi davam edir.
Məlumat üçün bildiririk ki, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi bu günə qədər bir sıra uğurlu layihələr həyata keçirib.