Xətai rayonundakı 235 nömrəli xüsusi körpələr evi-uşaq bağçasında
28 May – Müstəqillik Günü qeyd olunub,
məktəb yaşına çatmış uşaqlarla vidalaşma mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Uşaq bağçasının müdiri Vəfa Məmmədova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 1991-ci ildə müstəqilliyimizin yenidən bərpası və ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığı mübarizə haqqında danışıb.
“Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfər sayəsində bu gün milli dövlətçilik tariximizin şanlı səhifələrindən olan Müstəqillik Gününü ərazi bütövlüyü təmin edilmiş, qalib, güclü dövlət olaraq qeyd edirik”, – deyə Vəfa Məmmədova əlavə edib.
Sonra Vəfa Məmmədova bu il bağça ilə vidalaşıb müstəqil həyatın əsas mərhələlərindən olan məktəbə qədəm qoyacaq uşaqları təbrik edib, onlara uğurlar arzulayıb.
Metodist Aynur İsrafilova da çıxışında uşaqlarda vətənpərvərlik ruhunun
yüksəldilməsi, gənc nəslin tariximizə dair biliklərinin möhkəmləndirilməsi, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində bağçada görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Tərbiyəçilər Dilarə Vəzirova, Fizzə Xəlilova və başqaları da təbriklərini çatdırıb, bağça ilə vidalaşan balacalara gələcək həyatlarında uğurlar diləyib, Vətənə, xalqa layiqli övlad olmalarını arzulayıblar.
Sonda bağçanın fidanları tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub. Balaca istedadların çıxışları böyük maraqla qarşılanıb.