Bu gün Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan gəncliyi milli maraqların ideoloji təminatı, strateji gücüdür!” adlı tədbir keçirilib. Tədbrin əvvəlində Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Dövlət Himni səsləndirildi.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, YAP fəalları, qazilər, ziyalılar və ictimaiyət nümayəndələri iştirak etdilər.
İclası açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan gəncliyinin müasir dövrdə ölkəmizin ictimai-siyasi həyatındakı rolundan söz açdı. Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarxa baxış keçirildi.Daha sonra çıxış edən Milli Məclisin deputatı Şahin İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Arzu İsgəndərzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Heydər Əliyev məktəbinin direktoru Sənan Hüseynov və digər natiqlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd etdilər. Bildirildi ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə intellektual, yeni nəsil yetişmişdir. Dövlət gənclər siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir.
Tədbirin sonunda Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc xüsusi diplomlarla təltif edildi və onlara partiya biletləri təqdim edildi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov təltif olunan gəncləri təbrik etdi və onlara ictimai-siyasi və şəxsi həyatlarında uğurlar arzu etdi. Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdilər.


























