image-86883f4a-edb5-4237-8f2e-50ca73b911fbbackend

Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir

image-reklam_sirab_01

 

 

 

 

 

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir.
Ulu öndər Heydər Əliyev öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: Bir millət iki dövlət, Azərbaycan-Türkiyə.

Onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruk layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilməsidir. Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə də bir daha məlum oldu ki, Azərbaycan-Türkiyə münasibətləri türkdilli dövlətlərin əməkdaşlığının daha da genişləndirilməsinə öz müsbət təsirini göstərməkdədir.

Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir.

Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir. Xüsusilə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində ölkələrimiz arasında yeni sazişlərin imzalanması siyasi-iqtisadi, habelə hərbi əlaqələrin daha da güclənməsinə xidmət edəcəyi proqnozlaşdırılır. Qeyd etmək yerinə düşər ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasının yekununda Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 14 əməkdaşlıq sənədi imzalandı. Prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əlaqələrə xüsusi önəm verdiklərini vurğuladı və Türkiyədən yeni hərbi texnika alınacağını bildirdi: “Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq”. Mütəxəssislərin fikrincə, hərbi sahəyə dair imzalanmış saziş iki ölkə arasında hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxaracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəsinin Azərbaycanla hərbi əməkdaşlığın daha da gücləndirilməsinə tərəfdar olduğunu acıqladı: “Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan, müdafiə sənayelərimizin gücləndirilməsi vacibdir”.

Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.

Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir və bunun əsas məqsədi post müharibə dövründə nəzarəti həyata keçirmək, münaqişə zonasında hər hansı qarşıdurma olmaması üçün pilotsuz uçuş aparatları vasitəsi ilə monitorinq aparmaqdır.  Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmlidir, belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək qarşısı alınması üçün operativ şəkildə tədbirlər görüləcəkdir. Həmin mərkəzdə Türkiyyənin olması bizim üçün çox önəmli bir haldır.
Son illərdə artan terror hadisələri, Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən yerli texnologiya məhsulu olan silah və avadanlıqların həyati bir əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Vətən Müharibəsi zamanı da bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanmış, Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilmişdir. Bu, hərbi gücümüzü daha da gücləndirəcəkdir.

 

 

Bakı Musiqi Akademiyası

Əliyeva Özləm


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki