Ukrayna Prezidenti Volodimir Zelenski sentyabr və oktyabr aylarını Rusiya ilə müharibənin sona çatdırılması istiqamətində diplomatik danışıqların bərpası üçün fürsət kimi gördüklərini bildirib.
Vətəninfo.az xəbər verir ki, Zelenski “Axios”a müsahibəsində qeyd edib ki, Ukrayna qarşıdakı iki ay ərzində Rusiya ilə hərbi münaqişənin həlli ilə bağlı diplomatik prosesin yenidən başlamasına çalışacaq.
Ukrayna liderinin sözlərinə görə, sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası ABŞ-la yeni danışıqların aparılması üçün platformaya çevrilə bilər.
“Sentyabr və oktyabr ayları danışıqlar aparmaq üçün fürsət tapmaq üçün əlimizdədir. Dialoq olmadan nəticə əldə edə bilməyəcəyik”, – deyə Zelenski bildirib.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın yeni soyuq qış başlamazdan əvvəl danışıqlar prosesini bərpa etmək üçün real imkan tapa biləcəyinə inandığını vurğulayıb.
Zelenski Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların növbəti mərhələsinin keçirilməsi ehtimalını da istisna etməyib. Bununla belə, belə bir görüşün keçirilməsi ilə bağlı hələ yekun qərarın qəbul edilmədiyini bildirib.
Qeyd edək ki, Zelenskinin bu açıqlaması ABŞ-ın xüsusi nümayəndələrinin son günlərdə Moskva və Kiyevə səfərlərindən sonra səsləndirilməsi ilə diqqət çəkir.


























