Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son sutka ərzində ölkəyə qarşı genişmiqyaslı hava hücumu həyata keçirdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, təkcə 14 may gecəsi Rusiya Ukraynaya 670-dən çox zərbə tipli pilotsuz uçuş aparatı (PUA) və 56 raket atıb. Ümumilikdə isə gün ərzində istifadə olunan dronların sayı 1500-ü keçib.
Zelenski bildirib ki, bu cür hücumlar müharibənin bitməsinə yönəlmiş addımlar deyil:
“Bunlar, şübhəsiz ki, müharibənin sona çatdığına inananların hərəkətləri deyil”.
Prezident qeyd edib ki, hücumun əsas istiqaməti paytaxt Kiyev olub. Şəhərdə ən azı 20 obyektə ziyan dəyib. Zərər görənlər arasında yaşayış binaları, məktəb, baytarlıq klinikası və digər mülki infrastrukturlar var.
Kiyevdə doqquzmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində giriş hissəsi tamamilə dağılıb. Hadisə yerində xilasetmə işləri davam edir. İlkin məlumata görə, onlarla insan xilas edilib, azı bir nəfər həlak olub. Dağıntılar altında qalanların ola biləcəyi istisna edilmir.
Zelenski əlavə edib ki, Kiyev vilayəti ilə yanaşı, digər şəhərlər də hücuma məruz qalıb:
Kremençukda elektrik infrastrukturu zədələnib
Çornomorskda liman və yaşayış binalarına ziyan dəyib
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı Rusiya müxtəlif tipli raketlərdən istifadə edib. Bunlara “X-47 Kinzhal” aeroballistik, “İsgəndər-M/S-400” ballistik və “X-101” qanadlı raketləri daxildir.
Saat 08:00-a olan məlumata əsasən, hava hücumundan müdafiə qüvvələri 693 hədəfi – 41 raketi və 652 dronu məhv edib.
Ukrayna Prezidenti beynəlxalq tərəfdaşları Rusiyanın hücumlarına səssiz qalmamağa çağırıb. O, ölkənin hava məkanının müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğulayıb və Rusiyaya qarşı təzyiqlərin davam etdirilməsinin sülhə nail olmaq üçün zəruri olduğunu bildirib.


























