image-reklam-veteninfo
image-1backend

Zelenski: Ukrayna dronları 9 May paradı zamanı Moskvaya çata bilər

image-reklam-veteninfo

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna dronları Rusiyada 9 May Qələbə Günü paradı zamanı Moskvaya qədər uça bilər. Vətəninfo.az xəbər verir ki, o, bu açıqlamanı Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Yerevanda keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.

Zelenskinin sözlərinə görə, Rusiyanın əvvəlki gücü zəifləyib və bu, 9 may paradının formatında da özünü göstərə bilər. O qeyd edib ki, əgər məlumatlar doğrudursa, uzun illərdən sonra ilk dəfə olaraq Moskvadakı paradda ağır hərbi texnika nümayiş olunmaya bilər. Prezident əlavə edib ki, belə bir vəziyyətdə Ukrayna dronlarının da təhlükə yaratması mümkündür.

Ukrayna lideri eyni zamanda Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, sanksiyalar genişləndirilməli, xüsusilə enerji sektoru və bank sistemi üzrə məhdudiyyətlər daha da sərtləşdirilməlidir. Zelenski sanksiyaların ləğvi ilə bağlı çağırışları isə qəbuledilməz adlandırıb.

Prezident qeyd edib ki, 2026-cı ilin yay ayları Vladimir Putin üçün həlledici mərhələ olacaq. Onun sözlərinə görə, məhz bu dövrdə Kreml müharibəni genişləndirmək və ya diplomatik həll yoluna üstünlük vermək barədə qərar verəcək. Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanı diplomatiyaya məcbur etmək üçün səyləri artırmağa çağırıb.

Bununla yanaşı, Ukrayna prezidentinin fikrincə, müharibə davam etdiyi müddətdə ölkəsinə dəstək azaldılmamalıdır. Xüsusilə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. O, Avropa ölkələrinə Ukrayna ilə birgə dron istehsalı sahəsində əməkdaşlıq etməyi təklif edib və bunu ümumi təhlükəsizliyə töhfə kimi qiymətləndirib.

Zelenski həmçinin Avropa ölkələrinin Rusiya ilə mümkün danışıqlarda daha fəal iştirak etməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, vahid Avropa mövqeyi formalaşdırılmalı və bu mövqe beynəlxalq danışıqlar masasında təmsil olunmalıdır.

Qeyd edək ki, Rusiya tərəfi 9 May tədbirlərinin miqyasını azaltmağı planlaşdırır və təhlükəsizlik səbəbilə əlavə tədbirlər görür. Moskva Ukrayna tərəfindən mümkün hücum risklərini minimuma endirməyə çalışır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki