Zəngilanda Azercell-in ilk rəsmi diler mağazası!
Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramının nəzərdə tutduğu Regional İnfrastruktur Layihələrində aparıcı oyunçulardan biri olan “Azercell Telekom” bu sahədə növbəti əhəmiyyətli addımını atır. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq lider mobil operator Zəngilanın Ağalı kəndində ilk rəsmi diler mağazasını abunəçilərinin istifadəsinə verir.
Qururverici haldır ki, işğaldan azad olunmuş tarixi ərazilərimizdə ilk rəsmi satış və xidmət məntəqəsinin açılışı Zəngilanda ötən ildən başlayaraq intensiv şəkildə həyata keçirilən “Ağıllı kənd” (Smart Village) layihəsinin ölkə prezidentinin bilavasitə iştirakı ilə keçirilən təntənəli açılışına təsadüf etdi.
Qeyd edək ki, Azercell-in bu regionda təqdim etdiyi mağaza abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün tələb olunan bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilərə istədikləri məhsulu tədqiq və müqayisə edib seçməkdə peşəkar satış mütəxəssisləri yardım edəcəklər. Nəzərə çatdıraq ki, Ağalı kəndində yerləşən diler dükanında şirkətin digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər abunəçi əməliyyatlarının icrası mümkündür. Həmçinin, paytaxt və digər bölgələrdə fəaliyyət göstərən diler mağazalarında olduğu kimi, burada da abunəçilər gündəlik istifadələri üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə satın ala bilərlər.
Xatırladaq ki, daha öncə aprel ayında Azercell Müştəri Xidmətləri komandası azad olunmuş ərazilərimizdə şirkətin şəbəkəsindən faydalanan abunəçilərə dəstək göstərmək təşəbbüsü ilə Zəngilanın Ağalı kəndinə, eləcə də Şuşa, Cəbrayıl, Qubadlı və Kəlbəcərə səfər edərək abunəçilərə ödənişsiz xidmət göstəriblər.
Azercell-in əsas vəzifəsi və məqsədi işğaldan azad edilmiş ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə doğru irəliləyən Azercell-in xidmətləri 5 milyondan çox abunəçinin seçimidir. Şirkətin bazar payı 51%, ölkə ərazisi üzrə əhatə dairəsi 94,15%, ölkə əhalisi üzrə əhatə dairəsi 98,70% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq, Azərbaycanda Qızıl Stevie mükafatı alan yeganə şirkətdir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, “Asan İmza” mobil elektron imza xidməti və həlləri. Azərbaycanda ilk dəfə 5G texnologiyasının pilot rejimdə sınaqlarını da məhz Azercell keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın şəhərini əhatə edir.