Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyində (DDLA) “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” mövzusunda təlimlərə start verilib.
Bu barədə Veteninfo.az-a qurumdan məlumat verilib.
Məlumata görə, təlimləri dünyanın 2-ci ən böyük dənizçilik təsnifat cəmiyyəti olan “Amerika Dəniz Gəmiçilik Bürosu” (ABS) keçirir.
Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov ilk dəfə təşkil olunan təlimlərə görə qarşı tərəfə təşəkkür edib və bu kimi silsilə təlimlərin Agentliyin işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Sədr bildirib ki, bu təlimlər Amerika təsnifat cəmiyyəti ilə uğurlu əməkdaşlığın bariz nümunəsidir və təlimlərin sonunda Agentlik əməkdaşlarının təltif ediləcəyi ABS sertifikatları onların müvafiq sahədə biliklərinə dəlalət etməklə gələcək peşəkar fəaliyyətinə dəstək olacaq.
“Amerika Dəniz Gəmiçilik Bürosu”nun (ABS) yerli nümayəndəliyinin rəhbəri Ryan Salamati isə tədbirin təşkili üçün Agentliyə təşəkkür edib və kursun gələcəkdə qurumun işçi heyəti üçün faydalı olacağına əminliyini ifadə edib.
Təlim zamanı iştirakçılara “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin (ISM Code) tarixçəsi, məqsədi, başlıca müddəaları və tələbləri barədə məlumat verilir. Bununla yanaşı, daxili audit proqramı, auditin aparılması, audit cədvəlinin, müvafiq hesabatların tərtib olunması, korreksiyaedici tədbirlər və onların monitorinqi mövzusunda tematik seminarlar da keçirilir.