image-yap-nesimibackend

Avropa İttifaqı ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq.

image-reklam_sirab_01

Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmlidir. Bu model region dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəlib. Təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son illərdə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir.

Bu gün Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 6-da Praqaya səfəri çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Prezident cənab İlham Əliyev “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxış edərək, bir daha Ermənistanın 30 il ərzində işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizmi və hazırkı Azərbaycan reallıqlarını dünyaya bəyan etdi.

Qeyd etmək lazımdır ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi”nin Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu şəkildə və birlik ruhunda bir araya gətirir. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd etmişdir. O cümlədən, gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi də müzakirə olunmuşdur.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulmuşdur.

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığının önəmli istiqamətlərindən biri siyasi dialoqdur ki, bu çərçivədə Aİ Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına töhfə vermək istəyir.

Prezident cənab İlham Əliyevin bu görüşə qədər əldə etdiyi diplomatik uğurlarının nəticəsi olaraq bir sıra mühüm razılaşmalar əldə olunmuşdur. Ən əsası isə odur ki, yekunda qəbul edilmiş bəyanata əsasən Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı. Qəbul edilmiş bəyanat da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunub.

Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir”.

Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələrinin geosiyasi kontekstdə analizinə ciddi ehtiyac duyulur. Əlbəttə qeyd edə bilərik ki, Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri də nəqliyyat sahəsində yaranmış yeni imkanlardır. Çünki Aİ ölkələri bizim əsas ticarət tərəfdaşımızdır.

 

Xaliq Hüseynov

YAP Nəsimi rayon təşkilatının ƏPT sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki