İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Azərbaycanın ona qarşı verilmiş şikayətlərin sayına görə Avropa Şurasının üzv dövlətləri arasında yuxarı göstəriciyə malik olması ilə bağlı iddialara münasibət bildirib.
Ç. Əsgərov müsahibəsində bildirib ki, insan hüquqlarına dair Avropa Konvensiyası Azərbaycanda 2002-ci il aprelin 15-dən qüvvəyə minib.
Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi diqqətə çatdırıb ki, keçən iyirmi il ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı 200-dən çox qərar qəbul edib:
“Bu qərarlarda Avropa Konvensiyası müddəalarının pozulması müəyyən edilib. Bu, ölkəmizin əhalisinin sayına münasibətdə heç də böyük rəqəm deyil. Əlbəttə, dövlətə qarşı mümkün qədər az sayda qərarların çıxarılması arzu olunsa da, ərazimizin böyük hissəsinin 30 ilə yaxın Ermənistanın işğalı altında olması və bunun nəticəsində obyektiv problemlərin yaranması bu qərarların sayına təsir göstərib. Eyni zamanda, bəzən Avropa Məhkəməsinin statistik məlumatlarına istinad edilərək, Azərbaycanın ona qarşı verilmiş şikayətlərin sayına görə Avropa Şurasının üzv dövlətləri arasında yuxarı göstəriciyə malik olması bildirilir. Bu, belə deyil. Əslində, istinad edilən rəqəm ümumi şikayətlərin sayını deyil, Avropa Məhkəməsi tərəfindən hələ baxılmamış şikayətlərin sayını göstərir ki, bu da həmin şikayətlərə baxılması nəticəsində Konvensiya müddəalarının mütləq pozulmasının müəyyən edilməsinə gətirməyəcək. Ümumiyyətlə, qeyd etməliyəm ki, əhalinin sayına görə şikayətlərin sayına baxdıqda, Azərbaycan Avropa Şurasının üzv dövlətləri arasında bir çox qonşu və Qərbi Avropa ölkələrinin arxa sırasında qalaraq üçüncü onluqda yerləşir. Bununla belə, şikayətlərin sayı heç də ölkədə insan hüquqlarının təmin edilməsi vəziyyətinin göstəricisi hesab edilə bilməz”.