image-be04c131-c00c-3e6b-975b-a1717278eeb6_850-1backend

Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq – FOTO

image-reklam_sirab_01

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən “Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq!” mövzusunda onlayn tədbir keçirilib.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Görüş Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Xocalı, Xocavənd rayonları üzrə təhsil müəssisələrində fəaliyyət göstərən bir qrup çağırışaqədərki hazırlıq rəhbəri və şagirdin iştirakı ilə keçirilib.

Belə ki, SHXÇDX-nin idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov keçirilən tədbir barədə ətraflı məlumat verib.

Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Tədbirdə qeyd edilib ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Bildirilib ki, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir: “Ermənistanın bu təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi”.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova bildirib ki, Xocalı insanlığın öldüyü yerdir.

Təhsil Nazirliyinin nümayəndəsi Elçin Kərimov qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktının Xocalıda yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədildiyini qeyd edib.

Azərbaycan Gənclər Fondunun nümayəndəsi Seymur Hüseynov bildirib ki, haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb.

Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilib. Tədbirdə iştirak edən çağırışaqədərki hazırlıq rəhbərləri və şagirdlər çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğınının XX əsrin Xatın, Lidiçe, Babi Yar, Ruanda, Serebrenitsa kimi dəhşətli faciələri ilə müqayisə olunduğu diqqətə çatdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki