Azərbaycan Tibb Universitetində (ATU) tələbələrə qəribə qadağa qoyulub. Bu barədə foto sosial şəbəkələrə yayılıb.
“İctimai qaydalara uyğun olaraq, əsaslı kitabxanaya qısa şalvarda (şortikdə), maykada gəlmək qəti qadağandır”, – deyə paylaşımda qeyd edilib.
ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, yayılan elanda qeyri-adi hal yoxdur:
“Cəmiyyətin qaydalarına bir dəvətdir, qərardır. Hətta ictimai yerlərdə geyim qaydalarına uyğun olan normativlər var. Bura təhsil müəssisəsidir, daxili nizam-intizam qaydalarımız var. Bu qaydalara uyğun olaraq, müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə tələbələrin dərsə davamiyyəti kimi baxırıq.
Sizə bir misal da çəkim. Bir insanın azadlığı digərinin hüquqları başlayan yerə qədərdir. Yəni kiminsə hansısa geyimi özü üçün məqbul hesab etməsi digərinin etirazı ilə normal yanaşma həddinə qədərdir. Biz bir tələbə istədiyi kimi geyinsin deyə digər tələbələrin mövqeyini görməzdən gələ bilmərik”.