image-img-20210602-wa0009backend

Azərbaycanda pandemiya ilə mübarizə planlı şəkildə aparılır

image-reklam_sirab_01

Ümumdünya Səhiyyə Təşkilatı Ümumdünya Səhiyyə Assambleyasının «Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması»” mövzusuna həsr edilmiş 74-cü sessiyasının bağlanış mərasimində videoformatda xüsusi qonaq qismində çıxış edən Prezident İlham Əliyev BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərlə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsini insanlığa dəyər kimi qiymətləndirmiş, donor təşkilatlarını ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdır.

Bu gün COVID-19-un planetimizdə yaratdığı risklər davam etməkdədir. Ümumi evimiz olan planetimizdə pandemiyaya qarşı mübarizədə tətbiq etdiyi «Azərbaycan modeli» ilə nümunə göstərilən ölkəmizdə koronavirusa qarşı mübarizə ilk gündən kompleks plan əsasında həyata keçirildi. İnsanların gündəlik həyatlarını, məişətini özünün tələbinə uyğunlaşdıran pandemiya dövlətlərin iqtisadiyyatına da təsir göstərdi. Pandemiyadan zərər çəkən ölkələr hələ də sarsıntı içərisində qalmaqla iqtisadiyyatlarını normallaşdırmaq üçün yollar axtarırlar.
2000-ci illərin əvvəllərində yaranan iqtisadi böhrandan daha az itki ilə çıxan ölkəmizdə pandemiyaya qarşı mübarizənin ilk günlərindən dövlət siyasətinin əsasını təşkil edən insan amilinə diqqət daha da gücləndirildi, səhiyyənin inkişafı naminə nəzərdə tutulan köklü islahatların həyata keçirilməsi sürətləndirildi. Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi, vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirildi. Qısa zamanda 13 modul tipli səhiyyə ocaqları, «Yeni klinika» kimi möhtəşəm xəstəxana inşa edildi, tibb müəssisələrində çarpayıların sayı 10 mini ötdü. COVID-19-un mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi hazırlandı. Respublikamızda pandemiyadan qorunmağın ən başlıca şərti olan maskaların, tibb işçilərinin istifadəsi üçün nəzərdə tutulan xüsusi qoruyucu geyimlərin istehsalına başlanıldı. Yeni yoluxmuş xəstələrin həyatlarını ilk mərhələdən etibarən qorumaq üçün hər cür imkana malik, müasir avadanlıqlarla təmin olunmuş təcili yardım maşınları respublikamıza gətirildi. Dünyanın ən tanınmış təcrübəli həkimləri ölkəmizə dəvət edildi. Görülmüş tədbirlər nəticəsində başqa ölkələrlə müqayisədə Azərbaycanda yeni yoluxmalar və ölüm halları nisbətən az oldu. Dövlət tərəfindən elan olunan karantin rejimlərinin, məhdudiyyətlərin tətbiqi ilə pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların birgə fəaliyyəti təşkil olundu. Virusun fəsadlarına qarşı mübarizəni sərtləşdirən Azərbaycan həkimlərinin səyi, dövlətin dəstəyi ilə ümumi bəlaya qarşı mübarizə metodlarının tətbiqinə diqqət artırıldı. Azərbaycanın humanizmi siyasəti nümunə göstərildi.
Pandemiya dövründə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərən, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə ayıran Azərbaycan ÜST tərəfindən digər ölkələrə nümunə kimi təqdim olunub, bu da ölkəmizin humanitar siyasətinə beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür.
Yeni yoluxma hallarının azaldığı ölkəmizdə «Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası»na uyğun proseslərdə könüllülərin sayının artması müsbət nəticəsini verir. Respublikamızda əhali arasında, təşkilatlarda kütləvi həyata keçirilən vaksinasiyanın davam etdirilməsi pandemiyaya qarşı ən təsirli mübarizə vasitəsidir.
Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasının bağlanış mərasimində videoformatda xüsusi qonaq qismində çıxış edən Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizənin ilk günlərindən Azərbaycanda həyata keçirilən profilaktik tədbirlərdən, davam edən vaksinasiyanın əhəmiyyətindən bəhs etmişdir. «Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi «Sinovak»”, qalanı isə «AstraZeneca»” və «Sputnik»” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir. Biz 2021-ci ilin «Səhiyyə işçiləri» ili” elan edilməsini alqışlayırıq» söyləyən Prezident İlham Əliyev ÜST-ün ötən il Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmasını təşkilatla birgə fəaliyyətin uğuru adlandırmışdır.
Prezident İlham Əliyev öz çıxışında peyvəndlərin bölünməsində ədalət prinsipinə sadiqliyin bu gün daha vacib olduğunu bir daha diqqətə çatdırmışdır. «Davam edən «peyvənd millətçiliyi»”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür» söyləyən Prezident İlham Əliyev BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnaməsindən irəli gələn vəzifələrin yerinə yetirlməsini insanlığa dəyər adlandırmış, inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki