2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım günü münasibətilə qəhrəmanın məzarını ziyarət edib, xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, DTX-nin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, Müdafiə Nazirliyinin, Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də düşmənin yenidən başladığı təxribatlar ona baha başa gəldi. Ermənistan ordusu diz çökdürüldü, ölkənin siyasi və hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
Daha sonra çıxış edənlər İlqar Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliydən, göstərdiyi şücaət və qəhrəmanlığından danışılıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.