Qırğız Respublikasının Milli Elmlər Akademiyasında Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunmuş elmi konfrans keçirilib. Elmi konfransda Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin müəllifi olduğu “Türk Dünyası” adlı beşcildlik əsərlər toplusu qırğız dilində təqdim olunub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Qırğız Respublikası parlamentinin sabiq spikeri Mədətxan Şerimkulov, Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli, Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Lətif Qəndilov, Qırğız Milli Universitetinin rektoru Tolobek Abdrahmanov, Tarix, Arxeologiya və Etnologiya İnstitutunun direktoru Ablabek Asanbekov, Qırğız Respublikası Prezident Administrasiyasının təmsilçisi Şazada Tumenbayev və türk ölkələrinin bu ölkədə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, tanınmış alimlər və ictimai-siyasi xadimlər iştirak ediblər. Çıxış edən ekspertlər Cavanşir Feyziyevin 5 cilddən ibarət “Türk Dünyası” toplusunun hər bir kitabı barədə ətraflı məruzə ilə çıxış ediblər.
Qeyd olunub ki, “Türk sivilizasiyasının təməl prinsipləri” adlanan 1-ci cilddə ümumtürk mədəniyyətinin, siyasət və diplomatiyasının, eləcə də türk xalqlarının həyat tərzi və adət-ənənələrinin tarixi inkişaf mərhələləri öz əksini tapıb.
“Türk xalqları” adlanan 2-ci cild qədim türk tayfalarından müasir türk cəmiyyətlərinə qədər tarixi inkişaf proseslərində türk etnogenezi və etnocoğrafiyasının təhlilinə həsr edilib.
Əsərlər toplusunun 3-cü cildi qədim türklərin ilkin dövlətçilik ənənələrindən başlayaraq türk imperiyalarına və türk dövlətlərinin müstəqillik tarixinə qədər keçdiyi təkamül yolunu, eləcə də müasir müstəqil türk dövlətləri arasında inkişaf etməkdə və genişlənməkdə olan qarşılıqlı münasibətləri əhatə etməklə türk dövlətçilik tarixinin geniş təhlilinə həsr olunub.
Toplunun dördüncü cildində türkşünaslığın müasir problemlərindən və türk dünyasının inkişaf perspektivlərindən bəhs edilir. Beşinci cilddə isə türk dünyasının dövlətçilik, siyasət, elm, mədəniyyət və ədəbiyyat sahəsində inkişafına böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri haqqında geniş və hərtərəfli məlumatlar verilir.
Cavanşir Feyziyevin müəllifi olduğu “Türk Dünyası” beşcildliyi daha öncə digər türk dillərinə də tərcümə olunaraq yayımlanmışdı. Əsərləri qırğız dilinə tərcümə edən isə görkəmli türkoloq-alim Kadıralı Konkobayev olub.
Təqdimat mərasimində çıxış edən müəllif Cavanşir Feyziyev türk dünyasının inkişaf perspektivləri ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, apardığı elmi tədqiqatlarla bağlı sualları cavablandırıb, təqdimat konfransının təşkilinə və onun əsərlərinə göstərilən marağa görə Qırğız Respublikasının Milli Elmlər Akademiyasına, Beynəlxalq Türk Akademiyasına və tədbir iştirakçılarına minnətdarlığını bildirib.