image-2backend

“Azərişıq” neçə enerji doldurma məntəqəsi qurub? – VİDEO

image-reklam_sirab_01

“Azərişıq” ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin quraşdırılması işlərini davam etdirir. Cənab Prezident İlham Əliyevin “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında Sərəncamına əsasən zəruri infrastruktur yaradılır, şarj aparatları dayanıqlı elektrik enerjisi ilə təchiz edilir.
Vətəninfo.az xəbər verir ki, cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar, eləcə də Bakıda keçiriləcək “COP 29” ərəfəsində paytaxtın əksər rayonlarında şarj aparatları quraşdırılıb. Hazırda 13 məntəqədə: Nərimanov rayonunda “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, Gənclik metrostansiyası yaxınlığında, Atatürk parkında, Aşıq Molla Cümə küçəsində 215 saylı yarımstansiyanın qarşısında, Yasamalda 120 saylı yarımstansiyada, Səbaildə Nizami küçəsində və “İçərişəhər” yarımstansiyasında, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən “Sea Breeze” yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə “Ağ şəhər-1” və “Ağ şəhər-2” yarımstansiyalarında, Xəzər rayonunda Buzovna qəsəbəsində, Nəsimidə “Dağlıq” yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev prospektində enerji doldurma məntəqələri istismara hazır vəziyyətə gətirilib.
Paytaxla yanaşı regionlarda – Şamaxıda Abqora kəndində, Qəbələ RETSİ-nin (rayon enerji təchizatı və satışı idarəsi) qarşısında, Şəkidə Göynük kəndində, 110/35/10 kV-luq “Zaqatala yarımstansiyasında, Tovuzda Asan xidmət mərkəzi yaxınlığında, Göygöldə “Hacıməlik” yarımstansiyasında, Qubada 19 nömrəli yanacaqdoldurma məntəqəsinin yanında, Xızının Yaşma qəsəbəsində məntəqələr quraşdırılıb.
Qarabağ və Şərqi Zəngəzurda – “Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzində” enerji doldurma məntəqəsi müasir avadanlıqlarla və dayanıqlı elektrik enerjisi ilə təchiz olunub.
“Azərişıq” ASC tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı məntəqələrdə elektromobillər qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə təmin edilir. Elektromobilləri şarj etmək üçün istifadə olunan müasir cihazlar ekoloji cəhətdən daha əlverişli olan yaşıl enerji ilə dəstəklənir.
Vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ekoloji cəhətdən üstün olan elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi üçün paytaxtda, regionlarda, eləcə də Qarabağ və Şərqi Zəngəzurda enerji doldurma məntəqələrinin quraşdırılmasına davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image