image-reklam-veteninfo
image-1backend

Bakının axtardığı türkiyəli jurnalistlər – Ankara onları verərmi?

image-reklam-veteninfo

Məlum olduğu kimi, Azərbaycan Türkiyənin daha 7 jurnalist və yazarını beynəlxalq axtarışa verib. Onlar Rıdvan Kaya, Zəkəriyyə Cəran, Fatih Tezcan, Ahmet Şanlı, Fahrettin Saral, Abdurrahman Tumer və Alparslan Tanrıkuludur. Belə ki, Türkiyədə fəaliyyət göstərən bir sıra şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məzmunlu materiallar hazırlayaraq yaymalarına əsaslı şübhələr müəyyən edilib.

Məlumat üçün bildirək ki, bundan əvvəl isə Baş Prokurorluğu tərəfindən haqqında oxşar maddə ilə cinayət işi başladılan türkiyəli köşə yazarı Celal Çiftçi sözlərinə görə üzr istəyib. Belə görünür ki, bu proses hələ davam edəcək və türkiyəli jurnalistlərin Azərbaycanla bağlı çıxışları səngimir.

Hüquqi cəhətdən Türkiyənin onları Azərbaycana təhvil verməsi mümkündürmü? İnterpol türk jurnalistləri həbs edərək ölkəmizə ekstradisiya edərsə, Bakı ilə Ankaranın münasibətləri hansı yana, səmtə yönələr?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Musavat.com-a bildirib ki, 7 türkiyəli jurnalistin ekstradisiyası iki ölkə arasındakı qardaşlıq münasibətlərinin ruhu baxımından kompleks analiz tələb edir. Onun sözlərinə görə, hüquqi nöqteyi-nəzərdən iki ölkə arasında ekstradisiya prosesini tənzimləyən beynəlxalq və ikitərəfli müqavilələr mövcuddur: “Türkiyə Konstitusiyasının 38-ci maddəsinə və Türkiyə Cəza Qanununun müvafiq bəndlərinə əsasən öz vətəndaşlarını xarici dövlətlərə təhvil vermir. Azərbaycan ilə Türkiyə arasında mülki və cinayət işləri üzrə hüquqi yardım haqqında ikitərəfli sazişlərə əsasən, şəxs öz ölkəsinin vətəndaşı olduqda, sorğu edən tərəf kimi Azərbaycan həmin şəxslərin törətdiyi iddia edilən cinayət əməlləri ilə bağlı istintaq materiallarını və sübutlar paketini Türkiyə Ədliyyə Nazirliyinə və Baş Prokurorluğuna təqdim edir. İnterpol isə doğrudan-doğruya həbs həyata keçirən polis orqanı deyil, üzv ölkələr arasında axtarış xəbərdarlığı paylayır. Dolayısı ilə Türkiyə daxilində şəxslərin tutulub-tutulmaması Ankaranın öz daxili hüquq-mühafizə orqanlarının qərarından asılıdır”.

Deputat bildirib ki, Türkiyənin bu şəxsləri fiziki olaraq Azərbaycana ekstradisiya etməsi milli vətəndaşlıq qanunvericiliyinə görə çətin görünür: “Lakin bu, həmin şəxslərin cəzasız qalması demək deyil. Ankara Bakının təqdim etdiyi cinayət qovluqları əsasında həmin şəxslər barəsində Türkiyə cəza qanunvericiliyinə uyğun olaraq yerli məhkəmə istintaqı və cinayət təqibi başlada bilər. Aydındır ki, Azərbaycanın bu addımı atmaqda əsas məqsədi Türkiyə ilə münasibətləri gərginləşdirmək yox, tam əksinə, suverenliyi və konstitusiya quruluşunu qorumaqdır. Dini radikalizm, dövlət hakimiyyətinə qarşı qanunsuz çağırışlar və konstitusiya quruluşuna təhdid hər bir suveren dövlətin qırmızı xəttidir. Bu şəxslərin fəaliyyəti isə azad mətbuat və ya obyektiv siyasi tənqid çərçivəsini aşaraq, iki ölkə arasındakı strateji müttəfiqliyə və sabitliyə kölgə salmaq, dini hisslərdən sui-istifadə etmək məqsədi daşıyır”.

Onun sözlərinə görə, Bakı bu hüquqi addımla Ankara hüquq-mühafizə sisteminə aydın siqnal verir ki, bu şəxslərin fəaliyyəti təkcə Azərbaycana deyil, həm də iki ölkənin ortaq təhlükəsizlik arxitekturasına və Şuşa Bəyannaməsi ruhuna ziddir.
“Bəzi radikal kəsimlərin və ya marginal media fiqurlarının təxribat xarakterli çıxışları bu sarsılmaz qardaşlığa xələl gətirə bilməz. Oxşar hadisələr göstərir ki, hüquqi və siyasi təzyiq mexanizmi işə düşdükdə, bu şəxslər törətdikləri əməlin fəsadlarını anlayır və geri çəkilməyə məcbur olurlar. Bakının mövqeyi isə tamamilə aydındır. Azərbaycan Türkiyə ilə münasibətlərə xələl gətirə biləcək hər hansı saxta dini istismar və ya radikal ideoloji təxribatın qarşısını vaxtında almaq tərəfdarıdır. Ankara da bu cür radikal dini cərəyanların və dövlət əleyhinə çağırış edən qrupların hər iki ölkə üçün potensial təhlükə olduğunu yaxşı anlamalıdır”,- deyə deputat bildirib.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki