image-kemale-eliyevabackend

Böyük qayıdış

image-reklam_sirab_01

1993-cü il avqustun 23-dən həsrətində qaldığımız rayonlardan biri də Cəbrayıl idi. Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində, Araz çayının sol sahilində, cənubdan İran İslam Respublikası ilə həmsərhəd olan Cəbrayıl Qarabağın dilbər guşələri ilə seçilən buz bulaqları, zümrüd meşələri, əzəmətli dağları, zəngin tarixi-mədəni abidələri ilə yadda qalan gözəl yerlərindən biridir. İran tarixçisi Həmdullah Qəzvininin (XIII-XIV əsrlər), Azərbaycan tarixçiləri Abasqulu ağa Bakıxanov, Əhməd bəy Cavanşir, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy və başqalarının əsərlərində zəngin tarixi keçmişi olan Cəbrayıl haqqında qiymətli məlumatlar vardır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir, Cəlil Məmmədquluzadə vaxtilə Cəbrayıl qəzasının əhalisinin güzəranı, onların adət-ənənələri, mədəniyyəti barəsində maraqlı fikirlər söyləmişlər. Alimlərin fikrincə, Cəbrayıl əraziləri insanın formalaşdığı yerlərdən biri olmuşdur.
Müasir Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmiş, 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə isə yenidən yaradılmışdır.
Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub.
Şübhəsiz ki, hələ Cəbrayıl yer adının formalaşmasından çox-çox əsrlər öncə bu torpağın insanları ayrı-ayrı yaşayış məskənləri salmışlar.
Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilmişdir. Bu da 1831-ci ildə Daşkəsən kəndində “Karantin” (qırx gün deməkdir) idarəsinin yaranması və 1848-ci ildə həmin idarənin Cəbrayıl kəndinə köçməsi ilə əlaqədardır. Yerli əhalinin dili dönmədiyindən “Qraxdın” kimi tələffüz etmişlər. Cəbrayıl ərazisi Midiya (e.ə. VII-IV əsrlər), Əhəmənilər imperiyasının (e.ə. IV-III əsrlər), Albaniya (e.ə. IV-III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albanların dövründə Cəbrayıl ərazisi Pazkank, Əhristan və Dizak adlanan mahalın tərkibində olub.
Cəbrayıl Şəddadilərin, monqolların, Teymurilərin, Qaraqoyunluların, Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 66360 nəfər olmuşdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə edirdi.
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu – IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir.
Prezident İlham Əliyev 2020-ci il noyabrın 16 da Cəbrayıl rayonuna səfəri zamanı Xudafərin körpüsündə Azərbaycanın Dövlət bayrağını ucaltmışdır. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Bu gün Cəbrayıl sürətlə inkişaf edir və tamamilə yenidən qurulur. O Azərbaycanın işğaldan azad olunmuş digər torpaqları kimi gün-gündən güclənən iqtisadi və siyasi qüdrətilə sübut edir ki, düşmən bir daha onun sərhədlərini poza, öz mənfur oyununa alət edə bilməz.

Kəmalə Əliyeva
Suraxanı rayonu 97 №-li tam orta məktəbin kitabxana müdiri

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki