image-dilbackend

Dövlət dili necə qorunmalıdır?

image-reklam_sirab_01
Dünənki təklifin kitab biznesindəki və milli təhsil sistemindəki acınacaqlı duruma diqqəti cəlb etmək olduğuna və xoş məramla səsləndiyinə inanmaq istəyirəm. İnsanlar məhdud imkanlarla bütöv bir sektoru ayaqda tutmağa çalışırlar, yanlışları da olur, umacaqları da, küsəcəkləri də.
Problem o şəxslə bağlı deyil. Problem ondadır ki, illərdir “Azərbaycan dili” linqvonimi, “azərbaycanlı” etnoniminə qarşı davamlı və sistemli bir kampaniya aparılır , dilimiz hansısa vahid dilin ləhcəsi, lokal hadisə elan edilir. Dünənki təklif müəllifini bu kampaniyaçılar sırasında olduğunu düşünmürəm, amma o təklif dövlət dilimizin adına və ümumən dilimizin müstəqil dil kimi mövcud olmasına qarşı olanları xeyli həvəsləndirib. Onların açdıqları diskussiyalara qatılmadan yaranan bir neçə suala milli qanunvericilik çərçivəsində aydınlıq gətirmək lazımdır.
Birinci sual. Azərabycanın dövlət dili necə adlanır?
Azərbaycan Respublikasının Konstitusiyası maddə 21.
I.Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
İkinci sual. Dövlət dili kitab nəşri zamanı necə istifadə edilməlidir?
“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun, maddə 15. Dövlət dilinin nəşriyyat işində işlənməsi
15.1. Dövlət dilinin nəşriyyat işində işlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.
15.2. Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latın qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır.
15.3. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.
Üçüncü sual. Azərbaycan dili necə qorunmalıdır?
“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun, maddə maddə 18. Dövlət dilinin qorunması və inkişafı
18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.
18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.
Dördüncü sual. Dövlət dili əleyhinə təbliğata görə cəza varmı?
“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun ,maddə 19. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
İnzibati Xətalar Məcəlləsi,maddə 533. Azərbaycan Respublikasında dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsi
Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on altı min manatadək məbləğdə cərimə edilir.
2018-ci il noyabrında Azərbaycan Respublikası Prezidenti Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Sözügedən mərkəzin, Dilçilik İnstitunun, AMEA-nın birbaşa işi dövlət dilini qorumaqdır.
AMEA-nın fəaliyyətini zərrəbinlə izləyənlərin də görəcəyi iş var. “Hörümçək” sözünün lüğətdə olub -olmaması texniki məsələ idi, fırtına qoparmaqda haqlı deyildiniz. Amma dövlət dilinə hücumlar qarşısında sükut edən qurumlar niyə saxlanılır deyə müzakirə açmaq indi çox yerinə düşərdi.
Cəmaləddin Quliyev 
Xüsusi olaraq
Vətəninfo.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki